İran sərhəddə “Starlink” avadanlıqlarını ələ keçirdi

iran-serhedde-starlink-avadanliqlarini-ele-kecirdi
Oxunma sayı: 883

İran kəşfiyyat orqanları ölkənin sərhəd bölgəsində “Starlink” peyk rabitə sistemləri və digər yüksək texnoloji avadanlıqlardan ibarət böyük bir yükün müsadirə edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran bu avadanlıqların ölkə daxilində “casusluq və təxribat fəaliyyətləri” həyata keçirmək məqsədilə gətirildiyini iddia edir.

Yanvarın 13-də İran dövlət televiziyası müsadirə edilən qanunsuz yükün qonşu ölkədən gətirildiyini nümayiş etdirib. Ələ keçirilən texniki vasitələr arasında 100 ədəd uzun mənzilli peyk qəbuledicisi, 50 BTS siqnal gücləndiricisi, 743 ədəd “5G” modem və 799 ədəd son nəsil mobil cihaz yer alıb. Yayılan görüntülərdə üzərində “Starlink” brendi olan çox sayda qutunun olduğu aydın görünür.

Xatırladaq ki, İranda davam edən kütləvi etirazlar fonunda hökumətin interneti kəsmək cəhdlərinə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp iranlıların şəbəkəyə çıxışını bərpa edəcəklərini və “köməyin yolda olduğunu” bəyan etmişdi.

Onu da bildirək ki, İlon Maskın sahibi olduğu “Starlink” sistemi rəsmi olaraq qadağan edilsə də, bəzi vətəndaşların xaricdən qaçaqmalçılıq yolu ilə gətirilən bu avadanlıqlar vasitəsilə senzuranı aşdığı bildirilir.