ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu 29 dekabr tarixində keçirilmiş görüş zamanı növbəti il İrana zərbələr endirmək imkanını müzakirə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, ABŞ İranın nüvə proqramını bərpa etmək üçün konkret addımlar atdığını hesab edərsə, Tramp, böyük ehtimalla, belə zərbələrin endirilməsini dəstəkləyəcək. Bununla belə, nəşr iddia edir ki, Tramp və Netanyahu mümkün yeni zərbələrin vaxtı, eləcə də onların endirilmə meyarları ilə bağlı konkret razılığa gəlməyiblər.
Məlumata görə, Netanyahu görüş zamanı həmçinin Trampın Qəzza zolağı ilə bağlı sülh planının ikinci mərhələsinin icrasına başlamağa razılıq verib.
“Tramp Netanyahuya söz verib ki, HƏMAS razılaşmaları yerinə yetirməsə və silahsızlaşmağa başlamasa, İsrailin ona qarşı hərbi güc tətbiq etməsinə icazə verəcək”, - nəşr iddia edir.
Xatırladaq ki, Tramp Netanyahu ilə görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında HƏMAS-a silahsızlaşmaq üçün çox az vaxt veriləcəyini bildirmişdi. ABŞ lideri həmçinin ölkəsinin İranla dialoqa hazır olduğunu, lakin Tehranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər