Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Ermənistan iclasda iştirak etmir.
Məlumata görə, bu, KTMT XİN rəhbərləri Şurasının rəsmi İrəvanın nümayəndəsi olmadan baş tutan ilk iclasıdır. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmin iclasda iştirak etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-ni tərk edəcəyini bildirib. Onu da qeyd edək ki, Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu bəyan etmişdi. Mart ayında isə o qeyd edib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.
Onu da qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.