“Artıq dekabr ayının ortasıdır, qar da yağıb, amma hələ də Müşfiqabada istilik verilməyib. Bir aya yaxındır ki, qış havası olsa da, istilik üzünə həsrət qalmışıq”.
Bu şikayətlə “Qafqazinfo”ya Müşfiqabad qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, noyabrın 15-dən verilməli olan istilik bir aya yaxındır ki, yubanır: “Rəsmi qurumlara müraciət etmişik. Bizə deyirlər ki, 1000 metr qaz borusu oğurlanıb. Aylardır ki, bunu bərpa edə bilmirlər. Oğurluğun bizə nə dəxli var, niyə kiminsə qanunsuz əməlinə görə evimizdə soyuqdan donmalıyıq? Uşaq bağçaları, idarələr - bütün qəsəbə bu gündədir”.
Məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Abşeron rayonu, Aşağı Güzdək kəndinin girişində yerləşən Müşfiqabad Qaz Paylayıcı Stansiyadan (QPS) “Azəristiliktəchizat” ASC-yə məxsus 246 və 247 saylı qazanxanalara gedən diametri 108 mm, uzunluğu 1000 metrə yaxın qaz xəttinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanıb. “Azəristiliktəchizat” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb. Oğurluq faktında əli olan vətəndaşların axtarışı ilə bağlı cinayət işi açılıb. Tapılıb dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılır”.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov saytımıza bildirib ki, aprel-noyabr ayları ərzində qeyd olunan boru xəttində qaz olmadığı dövrdə həmin xəttin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Onun sözlərinə görə, noyabrda daxil olan müraciət əsasında polis aidiyyəti qurumların əməkdaşları ilə birgə əraziyə baxış keçirib: “Aparılan araşdırmalarla oğurluq iddiaları təsdiqini tapmayıb. Hazırda həmin ərazidə aidiyyəti qurum tərəfindən yeni qaz xəttinin bərpası istiqamətində müvafiq işlər aparılır”.
Qeyd edək ki, sakinlər daha əvvəl də redaksiyamıza bu şikayətlə müraciət etmişdilər. “Azəristiliktəchizat” ASC-dən problemdən xəbərdar olduqları və aradan qaldırılması üçün iş görüldüyü bildirilmişdi.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər