İrandakı mövcud hərbi gərginlik fonunda Rusiyanın bu ölkədəki səfirliyi vətəndaşlarına yenidən müraciət edərək, təcili olaraq ərazini tərk etməyi tövsiyə edib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, səfirliyin mətbuat attaşesi Valeri Malışev agentliyə açıqlamasında rusiyalıları Azərbaycan və Ermənistanla olan quru sərhədlərindən istifadə etməyə çağırıb.
Diplomatın sözlərinə görə, İsrail və Amerikanın davam edən intensiv hava zərbələri səbəbindən ölkədə vəziyyət son dərəcə təhlükəli olaraq qalır:
“Vətəndaşlarımıza ayıq-sayıq olmağı, hərbi və dövlət obyektlərindən uzaq durmağı, həmçinin çəkiliş aparmaqdan çəkinməyi tövsiyə edirik. Mümkün olduqda, Azərbaycan və Ermənistan sərhədləri vasitəsilə optimal marşrutlarla İranı tez bir zamanda tərk edin. Hazırda ölkədə qalan Rusiya vətəndaşlarının dəqiq sayını müəyyən etmək çətindir, çünki bir çoxu artıq öz imkanları ilə ərazini tərk etməyə başlayıb”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində İranın bir çox şəhərlərinə zərbələr endirilib. Rəsmi Tehran isə buna cavab olaraq regiondakı Amerika hərbi bazalarını və İsrail ərazisini raket atəşinə tutmaqda davam edir.
Məlumat üçün qeyd edək ki, bundan öncə də Rusiyanın Tehrandakı səfirliyi analoji olaraq vətəndaşlarının Ermənistan və Azərbaycan vasitəsilə İranı tərk etməsinə dair çağırış etmişdi.
Son xəbərlər
Son Xəbərlər