Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

tale-heyderov-isinde-fantastik-mebleg
Oxunma sayı: 4483

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

A.Mamedov hazırda həbsdə olan “Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb.

İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib. Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib.

Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib.

Fotoda: İntiqam Səfərəliyev və Abid Mamedov

Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyən qəbul etmirlər. Müdafiə tərəfi hesab edir ki, ortada cinayət yoxdur. Onların iddiasına görə, Tale Heydərov, İntiqam Səfərəliyev və Abid Mamedov arasında rəsmi alqı-satqı olub və tərəflər birgə gəlir əldə ediblər. Lakin sonradan Heydərov müqaviləni pozmaq istədiyi üçün mübahisə yaranıb və o, qazandığı gəlirlə yanaşı, zavod üçün ödədiyi vəsaiti də geri tələb edib.

İşin əsl təfərrüatı məhkəmə istintaqı zamanı ortaya çıxacaq. Tərəflər öz dəlil və sübutlarını təqdim edəcəklər. 

Xəbəri rus dilində oxuyun: Дело на 12 миллионов - новый фигурант в деле Тале Гейдарова

Qeyd edək ki, Abid Mamedov əvvəllər “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru olub. Sonradan həmin vəzifəyə İntiqam Səfərəliyev təyin edilib. A.Mamedov Böyük Britaniyanın Bristol Universitetində təhsil alıb. O, əvvəllər “AFB Bank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri işləyib, “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü olub. Eyni zamanda “Azfinance İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalında 85 faiz paya sahibdir.

Sail Ağasəlim