Məlum olduğu kimi, Türkiyə millisi 24 illik həsrətə son qoyaraq Dünya Çempionatına vəsiqə qazanıb. Martın 31-də Priştinada keçirilən taleyüklü pley-off matçında “ay-ulduzlular” Kosovo yığmasını 1:0 hesabı ilə məğlub ediblər.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşmanın qəhrəmanlarından biri qapıçı Uğurcan Çakır olub.
“Qalatasaray”ın təcrübəli kiperi oyun boyu etdiyi kritik seyvlərlə komandasını qoldan qoruyub.
Xüsusilə matçın ilk hissəsində, 29-cu dəqiqədə Kosovo millisinin hücumçusu Fisnik Asllaninin doqquzluğa gedən kəskin zərbəsini Uğurcan möhtəşəm reaksiya ilə kənarlaşdırıb.
Xatırladaq ki, görüşdə yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu qələbə ilə Türkiyə millisi 2002-ci ildən sonra ilk dəfə Dünya Çempionatında iştirak hüququ qazanıb. Vincenzo Montellanın yetirmələri DÇ-2026-nın qrup mərhələsində ev sahibi ABŞ, Paraqvay və Avstraliya ilə eyni qrupda (D qrupu) mübarizə aparacaqlar.
Son xəbərlər
Son Xəbərlər