Universitet imtahanları nə qədər vacibdir?

universitet-imtahanlari-ne-qeder-vacibdir
Oxunma sayı: 4349

Orta məktəbdən başlayaraq universitetə qəbula, oradan da magistratura, doktoranturaya qəbula qədər və bunların hər birinin də öz içində nə qədər imtahanlar var.

Bu imtahanlar nə qədər vacibdir?

Yəni imtahanlar olmasa, nə olar?

Təsəvvür edin, ali məktəblərə qəbul imtahanları olmur. Kim istəyir, müraciət edir, gedib oxuyur.

Təsəvvür edərkən belə bir qədər rahatlıq hiss etdiniz, elə deyilmi?

Elə bil çiyninizdən ağır yük qalxdı :))

Yox. Təəssüf ki, bu, hələ reallıq deyil. Məsələyə fərqli aspektdən baxmağa çalışacağıq.

Universitet imtahanları olmasa, nə olar?

Bu suala cavab axtaracağıq.

Maraqlı olan bilirsiniz nədir?

Bir insan 11 il orta məktəbdə təhsil alır. Sonra başqa bir təhsil almaq üçün imtahan verməlidir. Əgər kifayət qədər bal toplamasa, hətta bal toplayıb yanlış seçim etsə, universitet oxuya bilmir.

Halbuki 11 il məktəbə gedən bir insanın ən azı 4 il daha oxumaq istəməsi təqdirəlayiqdir. Bu cür insanlar universitetlərin qapısında mərasimlə, alqışlarla qarşılanmalıdırlar. Çünki 4 il daha oxumaq istəmək hər adamın işi deyil.

Yəni bir şagirdin orta məktəbi qurtardıqdan sonra istədiyi, maraq dairəsində olan sahə üzrə universitet oxumaq üçün şəxsi sənədlərini əlaqədar quruma təqdim etməsi bunun üçün kifayət etməlidir.

Universiteti bitirdikdən sonra daha yuxarı pilləli təhsil almaq da yenə hər adamın edəcəyi bir şey deyil. Bu cür insanlar isə sadəcə dəstəklənməli, onlara istədikləri sahədə təhsil almaları üçün köməklik göstərilməlidir.

Əgər deyirsinizsə ki, onda hamı universitet oxumaq istəyər, bunun üçün də nə kifayət qədər universitet var, nə də müəllim...

Bu, şagirdin, oxumaq istəyən adamın problemi deyil. Universitetləri kifayət qədər”ə çatdırmaq da, lazımi sayda müəllim təmin etmək də dövlətin, qurumların işidir, vətəndaşların yox.

İkincisi, əslində çox da narahat olmağa dəyməz. Bu gün universitetə qəbul olmaq o qədər müşkül və tale yüklü məsələ kimi qəbul edilir ki (bunu şagirdlərin imtahana nəsil-kök üzvləri ilə birgə getmələrindən də başa düşmək olar), əhəmiyyəti ona görə bu qədərdir. Əgər giriş sərbəst olsa, onda heç bu qədər maraq göstərilməyəcək.

Bundan başqa, bu gün görəsən neçə nəfər şagird, həqiqətən, filan ixtisası istəyir və onun arxasınca bu sahədə mütəxəssis olmaq üçün gedir?

Hamımız bilirik ki, əksəriyyət ya arzu olunan balı toplaya bilmədiyi üçün düşündüyü ixtisası yox, balı çatan başqa ixtisası seçir, ya da universitetə qəbul olmaq xatirinə hansısa ixtisası seçir. Bununla nə qədər inkişaf etmək olar, nə qədər qabağa getmək olar, özünüz təsəvvür edin.

İmtahan, seçimlə qəbul etmək üçün olduğu kimi, eyni zamanda, seçimlə qəbul etməmək üçündür. Universitet oxumaq istəyən bir gəncin bu istəyinə mane olmaq nə qədər düzgündür?!

Əgər şagirdin biliyi, qabiliyyəti, əzmi yetərli deyilsə, onsuz da, özü əl çəkəcək oxumaqdan. Qeyd etdiyimiz kimi, axı bu zaman nəsil-kök ona əvvəlki qədər təzyiq göstərməyəcək.

Hazırda sistem necədir?

Adam universitetə başlamadan, yaxşı-pis oxuyacağı, oxuyub-oxumayacağı bilinmədən qovulmuş” olur.

Universitetə qəbul üçün hazırlanan suallara nəzər salsaq, görərik ki, bu sualların əksər ixtisaslarla, ümumiyyətlə, əlaqəsi yoxdur. Yəni qəbul imtahanlarındakı suallara düzgün cavab verə bilməyən şagirdin hansısa ixtisası oxuya bilməyəcəyini iddia etmək olmaz.

Məsələn, iqtisadçı olmaq istəyən bir insan cümlənin fonetik təhlilini bilməsə, nə olar...

Həkim olmaq istəyən bir insan Azərbaycan dilindən sintaktik əlaqələr mövzusunu bilməsə, bu, gələcəkdə onun hansı əməliyyatına təsir edər...

Mühəndis olmaq istəyən adam Fizikadan Sferik güzgüdə xəyalın qurulması” mövzunu bilməsə, harada problem yaşayar...

Hüquqşünas olmaq istəyən birisi 1549-cu ildə İngiltərədə baş vermiş Çəpərləmə üsyanının kim tərəfindən törədildiyini bilsə, bu, ona hansı cinayətin üstünü açmaqda kömək edəcək...

Jurnalist olmaq istəyən insan Nizaminin Leyli və Məcnun” əsəri ilə Füzulinin eyni adlı əsərini müqayisə edə bilməsə, nə itirəcək...

Stomatoloq olmaq istəyən adam niyə kvadrat tənliyi həll etmək məcburiyyətində olmalıdır...

Bu misallar bizə sadəcə acı təbəssüm etdirir.

Bir insanın zəkası, yaxud qabiliyyəti nə onun riyazi biliyinə görə müəyyənləşir, nə də coğrafiyaya görə.

Dünyada elmin ən çox inkişaf etdiyi ölkə ABŞ-dır. Burada bir ildə 350 min elmi araşdırma aparılır. Müqayisə üçün deyək ki, ikinci yerdə Almaniya durur. Burada həmin rəqəm 50-dir.

Dünyanın ən birinci, ən bahalı, ən keyfiyyətli təhsili, elmi məhz ABŞ-dadır. Ancaq bu ölkədə sürətli qaçış, yaxşı rəsm əsəri çəkmə, musiqi ifası kimi səbəblərdən universitetə qəbul ola bilirlər.

 Bu təkcə ABŞ-da belə deyil. Bir sıra Avropa ölkəsində ali məktəbə qəbul imtahanı adlı imtahan növü yoxdur. Və bu ölkələr elm sahəsində dünyaya meydan oxuyurlar.

Görəsən, bu qədər imtahan edən bizim kimi ölkələr niyə onların yarısı qədər müvəffəq ola bilmir?

Bu işdə bir qəribəlik yoxdurmu?))

Anormallıqlardan biri budur ki, uşaq 10 il 10 fənn oxuyur, son iki ildə bunun sayı birdən-birə 5-ə düşür. İki ildən sonra o da qalmır. Yəni hamısı müvəqqətidir.

Anormallıqlardan biri də budur ki, bütün uşaqlar bütün fənləri yaxşı oxumaq məcburiyyətindədir. Ancaq elə müəllim yoxdur ki, bütün bu fənləri mükəmməl bilsin keçsin. İbtidai sinif bitən kimi fənlərin hər birini bir müəllim keçir, amma uşaqlar bu fənlərin hamısını bilməlidir.

Bir daha yazıq uşaqlar” deyib bunu da keçirik.

Humanitar fənn üzrə olduqca həvəsli olan uşağı məcbur edirik ki, elmlərin şahı” olan riyaziyyatı oxumasan, tarix heç bir işə yaramayacaq.

Bu gün dünyada ən məşhur tarixçi (kimdirsə) riyaziyyatdan neçə misal həll edə bilər?!

Elə bir adam tanımıram ki, uşağı kimyanı yaxşı bildiyi üçün ona kimyadan müəllim tutsun. Gedib çox zəif bildiyi fəndən müəllim tuturlar. Hətta tapşırırlar ki, kimyanı oxuduğun bəsdir, bir az da biologiyaya fikir ver. Sonra da deyirlər ki, bu ölkədən niyə kimya alimi çıxmır...

Oxuyanın qarşısını kəsirik, oxumayanı oxutmağa çalışırıq...

Bax belədir halımız-əhvalımız...

Bununla heç də alim, adil, arif bir nəsil yetişdirmirik. Sadəcə insanların psixologiyasını pozur, təbəssümü yox olan, gərgin bir cəmiyyət formalaşdırırıq.

Ya bir kursa, ya da fərdi müəllim yanına getməyən uşaq, demək olar ki, universitetə qəbul ola bilmir. Əgər bu baş versə, ölkədə sensasiya olur.

Təkcə orta məktəbdə hazırlaşan uşaq ali məktəbə qəbul ola bilməz. Olsa, möcüzədir”. Elə isə orta məktəblərin sistemi, müəllimləri, dərs yükü, metodlar və s. bir daha nəzərdən keçirilməli deyilmi?!

Bütün bunların sıxıntısını uşaqlar çəkir.

Bir daha sual edirik. Əlinizi vicdanınıza qoyun və cavab verin:

Universitet imtahanları nə qədər vacibdir?..

Elmir İsgəndərov - NLP Academy Psixoloji Xidmət və Təlim Mərkəzinin qurucusu və direktoru, NLP Master, psixoloq, təlimçi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı.