“Barselona” braziliyalı hücumçu Qabriel Jezusun transferi ilə bağlı “Arsenal”la razılıq əldə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano öz “X” hesabında paylaşım edib.
Məlumata görə, gözlənilən transfer sövdələşməsi artıq yekun mərhələdədir.
İnsayderin sözlərinə görə, London klubu 29 yaşlı hücumçunun satışından zəmanət verilmiş 10 milyon avro, həmçinin əlavə bonuslar qazanacaq. Braziliyalı futbolçunun sabah katalonlar üçün tibbi müayinədən keçəcəyi, bundan sonra isə transferin rəsmən elan olunacağı gözlənilir.
Xatırladaq ki, Jezus 2022-ci ilin yayından “topçular”ın şərəfini qoruyur. London təmsilçisinin heyətində keçirdiyi müddətdə hücumçu bütün turnirlərdə 123 oyuna çıxaraq 32 qol vurub və 22 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt” portalına görə braziliyalının bazar dəyəri hazırda 17 milyon avro qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər