Gəmidə yayılan virus “ikinci koronavirus”a çevrilə bilər?

gemide-yayilan-virus-ikinci-koronavirusa-cevrile-biler
Oxunma sayı: 827

Məlum olduğu kimi, Argentinadan Kabo-Verdeyə üzən, göyərtəsində 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus “MV Hondius” kruiz gəmisində hantavirusla bağlı yoluxma halları qeydə alınıb. İndiyədək azı 8 yoluxma və 3 ölüm faktı təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, hazırda bu virusun yayılma və ikinci “COVID-19”a çevrilmə ehtimalı dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib. 

Bəs hantavirus nədir, onun yayılma ehtimalı nə qədərdir? “MV Hondius” gəmisində əslində nə baş verib?

Hantavirus insanlar və heyvanlar üçün təhlükə yaradan patogendir. Əsasən gəmicilərə yoluxur, amma yoluxmuş heyvanlarda heç bir simptom müşahidə olunmur. İnsana yoluxduqda əsas təhlükəsi hemorragik qızdırmaya səbəb olmaq qabiliyyətidir. Əsas simptomları yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, nəfəsalma problemləri, ağır hallarda ağciyər və böyrək çatışmazlığıdır.

Hantavirus Köhnə və Yeni dünya hantavirusu adlanan iki əsas kateqoriyaya bölünür. Köhnə dünya hantavirusu geniş yayılıb. Onun Asiya versiyasında ölüm riski 15%, Avropa versiyasında isə 1%-dən çox deyil. Hər il Çində on minlərlə insan bu virusa yoluxur. Şimali və Cənubi Amerikada geniş yayılmış Yeni dünya hantavirusunda isə ölüm səviyyəsi 30-50% arasında dəyişir. 

Hantavirus adətən siçan və digər gəmiricilərin ifrazatları ilə təmas nəticəsində yayılır. İnsanlar əsasən çirkli tozu nəfəsə çəkərkən bu virusa yoluxurlar. Bəzi nadir hallarda virus insandan insana da keçə bilər. Bu xüsusiyyət əsasən Cənubi Amerikada rast gəlinən “Andes” virusuna xasdır. “MV Hondius” gəmisində aşkarlanan ştamm da məhz “Andes” ştammıdır.  

Aprelin 1-də səfərə çıxan “MV Hondius” gəmisində səyahətin ilk həftəsinin sonuna yaxın Niderland vətəndaşı olan bir kişidə qızdırma əlamətləri aşkarlanıb. Sonradan bu simptomlar ağciyər çatışmazlığına səbəb olub və həmin şəxs aprelin 11-də vəfat edib, cəsədi isə Müqəddəs Yelena adasında təhvil verilib. Onun həyat yoldaşı və təxminən 40 sərnişin də adada gəmini tərk ediblər. Daha sonra qadında da xəstəlik aşkarlanıb və o, CAR-da xəstəxanasında vəfat edib. Mayın 2-də isə gəmidə Almaniya vətəndaşı hantavirusdan ölüb. 

İndiyədək daha 8 yoluxma halı müəyyən edilsə də, virusun inkubasiya dövrü 6-8 həftəyə qədər davam etdiyindən yeni yoluxma hallarının aşkarlanması ehtimalı yüksək qiymətləndirilir. Gəmidən müxtəlif ölkələrdən olan sərnişinlər endiyindən hazırda həmin şəxslər və onların təmasda olduqları digər şəxslər üzərində nəzarət tədbirləri görülür.

Bütün bunlara baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusun “yeni koronavirus”ə çevrilmə ehtimalını və qlobal pandemiya riskini aşağı qiymətləndirir.