Lənkəranda torpaq sürüşməsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, torpaq qatı 200 metrə yaxın uzunluq və 7 metr hündürlükdən sürüşərək Ulum çayına tökülüb.
Lənkəran Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində su və sel fəsadlarının törətdiyi sahəyə baxış keçirilib.
“Sürüşmə sahəsi təqribən 200 metr uzunluqdadır. İdarənin texnikalarının köməyi ilə yerli materiallardan, müvəqqəti də olsa, təhlükə böyüməsin deyə, torpaqdan bəndvurma işləri aparılacaq. Bununla bağlı yuxarı təşkilatlara müraciət olunub, komissiya əraziyə baxış keçirəcək və layihə sənədləri hazırlandıqdan sonra işlər əsaslı şəkildə davam etdiriləcək”, o qeyd edib.
Kənd sakinlərinin sözlərinə görə, ərazidə sürüşmə uzun müddətdir davam edir. Son yağışlardan sonra proses daha da aktivləşib. Çaya sel gələn zaman suyun səviyyəsi qalxır və ətrafa daşır. Meyvə ağaclarına, eləcə də toyuq-cücə üçün tikilən hinlərə ziyan dəyib. Ulum çayının sağ və sol hissəsində 500 metrədək bənd vurulsa da, əlavə vəsait ayrılmadığı üçün işlər yarımçıq qalıb.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər