“Müasir təhsildə ən vacib məsələ uşağı dəyişən dünyaya hazırlamaqdır” - XXI Əsr Məktəbinin rəhbəri

muasir-tehsilde-en-vacib-mesele-usagi-deyisen-dunyaya-hazirlamaqdir
Oxunma sayı: 824

Bu il XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində mərkəz təkcə bir məktəb kimi deyil, həm də ölkədə müasir təhsil yanaşmalarının inkişafına töhfə verən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. Mərkəzin formalaşmasında və inkişafında mühüm rolu olmuş şəxslərdən biri – Arif Qaraşov məktəbin yaranma ideyası, keçdiyi inkişaf yolu, bu gün qarşısında duran çağırışlar və gələcəyə baxışı ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Arif müəllim, XXI Əsr Məktəbinin yaranma ideyası necə formalaşdı?

- XXI Əsr Məktəbinin yaranması ilə bağlı ideyalar Azərbaycanın müstəqillik dövrünün ilk illərində formalaşmağa başladı. Bu dövr həm çətinliklərlə, həm də yeni imkanlarla yadda qalıb. Sovet təhsil sistemindən daha çevik, müstəqil və müasir bir modelə keçid ehtiyacı açıq şəkildə hiss olunurdu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin bərqərar olması və uğurlu dövlət siyasətinin həyata keçirilməsi bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də yeni mərhələnin başlanğıcını qoydu. Təhsil islahatları sürətlə aparılır, sistemin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılır, özəl təşəbbüslərə daha açıq yanaşma formalaşırdı.

Belə bir yanaşma mövcud idi ki, orta ümumtəhsil pilləsində də özəl təşəbbüslərin iştirakı mümkündür və bu, ümumilikdə təhsil sisteminin inkişafına xüsusi töhfə verə bilər. Məhz belə bir mühitdə 2001-ci ildə XXI Əsr Məktəbi yaradıldı. Bu qərar təsadüfi deyildi. Bu sahədə çalışan peşəkarların məsləhətləri, xarici təcrübələrlə yaxından tanışlıq və müxtəlif təhsil modellərinin öyrənilməsi bu qərarın formalaşmasında mühüm rol oynadı. Məqsəd yalnız bir məktəb yaratmaq deyil, milli dəyərlərə əsaslanan, eyni zamanda qlobal dünyaya açıq olan bir təhsil mühiti formalaşdırmaq idi.

2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil siyasətində daha müasir yanaşmalar geniş vüsət aldı. Təhsilin keyfiyyətinin artırılması, beynəlxalq proqramların tətbiqi və infrastrukturun inkişafı bu sahədə yeni imkanlar yaratdı və bu da belə təşəbbüslərin inkişafına əlavə təkan verdi.

Bu gün Azərbaycanda artıq 30-a yaxın özəl ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu sahə genişlənib və daha sağlam rəqabət mühiti formalaşıb. Eyni zamanda əməkdaşlıq meyilləri də güclənir və bu, ümumi inkişaf baxımından müsbət tendensiyadır. Bütün bunlar bu yolun ilk mərhələlərinin şahidi olmaq baxımından böyük məmnunluq hissi yaradır.

- Uşaqlıq və gənclik illəriniz məktəbin yaradılması ideyasına necə təsir edib?

- Mənim həyat yolum asan olmayıb. 4 yaşında anamı, 9 yaşında isə atamı itirmişəm və analığımın himayəsində böyümüşəm. Ailədə 5 uşaq olmuşuq və həmin dövrdə imkanlarımız olduqca məhdud idi. Təhsil almaq hər zaman əlçatan görünmürdü.
Analığım təhsilə o qədər də ümidlə yanaşmırdı. O düşünürdü ki, mövcud şəraitdə bunu davam etdirmək çətin olacaq və daha çox təsərrüfat işlərinə yönəlmək lazımdır. Bu heç də laqeydlikdən deyil, dövrün reallıqlarından irəli gəlirdi. Həqiqətən də nə maddi imkanımız var idi, nə də arxamızda dayana biləcək bir dəstək.

Amma içimdə oxumağa qarşı çox güclü bir istək var idi. Çətinliklərə baxmayaraq, təhsilimi davam etdirmək üçün yollar axtardım və tapdım.

Universitetə heç bir dəstək olmadan qəbul oldum. Gündüz şöbəsinə qəbul olunsam da, işləyə bilmək üçün axşam şöbəsinə keçdim.
O dövrdə çox sadə şəraitdə yaşayırdım. Hətta bir köynəyim var idi  – onu hər gün yuyub qurudur, səhəri gün yenidən geyinirdim. Eyni zamanda fəhlə kimi işləyir, paralel olaraq təhsil alırdım.

Bu həyat mənə çox şey öyrətdi  –  zəhmətin dəyərini, səbrin gücünü və ən əsası, təhsilin insan üçün nə qədər böyük imkanlar açdığını. Bu gün geriyə baxanda görürəm ki, məhz təhsil mənim həyatımda dönüş nöqtəsi oldu. Və məhz buna görə düşündüm ki, gələcək nəsillər belə çətinliklərlə üzləşməməlidir. XXI Əsr Məktəbinin arxasında duran əsas ideyalardan biri də məhz bu şəxsi təcrübədən və bu anlayışdan qaynaqlanır.

- Məktəbin inkişaf yoluna baxanda hansı mərhələləri xüsusilə qeyd edərdiniz?

- İnkişaf yoluna baxdıqda onu şərti olaraq üç əsas mərhələyə bölmək olar.

Birinci mərhələ – əsasların qurulması dövrüdür. Bu mərhələdə ən vacib məsələlər güclü komandanın formalaşdırılması, tədris yanaşmasının müəyyən edilməsi və valideyn etimadının qazanılması idi. Açıq desək, bu illər daha çox etibar və sistemin formalaşdırılması üzərində qurulmuşdu.

Eyni zamanda qeyd etmək istərdim ki, həmin dövrdə ölkədə sabitliyin bərqərar olması, əmin-amanlığın təmin olunması, təhsilə göstərilən diqqət və özəl təşəbbüslərə yaradılan imkanlar bu kimi layihələrin həyata keçməsi üçün mühüm zəmin yaratdı. Bu dəstək olmasaydı, belə bir təşəbbüsün reallaşdırılması daha çətin olardı.

İkinci mərhələ – akademik keyfiyyətin sistemli şəkildə inkişafı ilə bağlıdır. Bu dövrdə məktəbdə beynəlxalq proqramların tətbiqinə xüsusi diqqət yetirildi. Xüsusilə 2011–2012-ci illərdən etibarən Kembric beynəlxalq proqramlarının tətbiqi, daha sonra IB Diplom proqramı istiqamətində atılan addımlar bu inkişafda mühüm rol oynadı. Bununla yanaşı, müəllimlərin peşəkar inkişafı, davamlı təlimlər və müasir qiymətləndirmə sistemlərinin qurulması bu mərhələnin əsas sütunları oldu.

Eyni dövrdə məktəbəqədər təhsil sahəsində də yeni yanaşmalar tətbiq olunmağa başladı. Xüsusilə 2019-cu ildən etibarən Finlandiya təhsil modelinə əsaslanan kurikulumun tətbiqi ilə beynəlxalq əməkdaşlıqlar quruldu və uşağın hərtərəfli inkişafını əsas götürən müasir və keyfiyyətli bir model formalaşdırıldı.

2020-ci illərdən etibarən isə infrastrukturun təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. Müasir tələblərə cavab verən tədris mühitinin yaradılması, laboratoriyaların yenilənməsi, STEM mərkəzinin qurulması və texnologiya əsaslı öyrənmə imkanlarının genişləndirilməsi bu mərhələnin mühüm hissəsinə çevrildi. Son illərdə ölkədə müşahidə olunan iqtisadi inkişaf və ümumi rifah səviyyəsinin artması özəl təhsil sahəsinə olan tələbi daha da yüksəltdi. Bununla yanaşı, təhsil sahəsində rəqabət mühiti formalaşdı və özəl məktəblərin sayı artdı.

Bu dəyişikliklər həm məsuliyyəti artırdı, həm də yeni imkanlar yaratdı. Daha keyfiyyətli və müasir təhsil modeli qurmaq zərurəti yarandı, idarəetmə və tədris yanaşmalarının yenidən nəzərdən keçirilməsi və davamlı şəkildə təkmilləşdirilməsi zərurəti formalaşdı. Mövcud sistemi qorumaqla yanaşı, onun inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi.

Üçüncü mərhələ isə artıq təhsil modelinin daha aydın şəkildə formalaşdığı dövrdür. Bu mərhələdə yalnız akademik nəticələr deyil, şagirdlərin şəxsiyyət kimi inkişafı, dəyərlər sistemi və həyat bacarıqlarının formalaşması ön plana çıxır. Məktəbdə əsas məqsəd ondan ibarətdir ki, şagirdlər yalnız bilikli deyil, eyni zamanda düşünə bilən, məsuliyyətli, sosial və emosional cəhətdən balanslı, özünü dərk edən və həyatda öz yolunu tapa bilən fərdlər kimi yetişsinlər. Bu yanaşma artıq məktəbin təhsil fəlsəfəsinin əsasını təşkil edir.

- Müasir təhsildə hansı istiqamətləri daha vacib hesab edirsiniz?

- Məncə, müasir təhsildə ən vacib məsələ artıq sadəcə bilik vermək deyil, uşağı dəyişən dünyaya hazırlamaqdır. Bu gün dünya çox sürətlə dəyişir. İnformasiya artır, texnologiya həyatın bütün sahələrinə daxil olur, peşələr və bacarıq tələbləri yenilənir. Belə bir şəraitdə məktəbin əsas rolu uşaqlara yalnız məlumat ötürmək deyil, onları düşünən, uyğunlaşan, qərar verən və özünü inkişaf etdirən fərdlər kimi formalaşdırmaqdır.

Hesab edirəm ki, müasir təhsil bir neçə istiqaməti paralel şəkildə inkişaf etdirməlidir. Bir tərəfdən akademik keyfiyyət yüksək olmalıdır. Digər tərəfdən isə uşağın xarakteri, dəyərləri, ünsiyyət bacarıqları, məsuliyyət hissi və həyata hazırlığı diqqət mərkəzində saxlanmalıdır.

Texnologiyanın rolu da getdikcə artır. Süni intellekt və rəqəmsal alətlər artıq yeni bir dövr yaradır. Açığı, bəzən öz nəvələrimə baxıram – onların süni intellektdən istifadə etmə tərzi, informasiyaya yanaşması bizim öyrəndiyimiz dünyadan xeyli fərqlidir. Bu, həm böyük imkanlar yaradır, həm də təhsili yenidən düşünmək məsuliyyəti qoyur.

Bu dəyişiklikləri kənardan izləmək mümkün deyil. Təhsil sistemi bu proseslərə açıq olmalı, amma eyni zamanda insanı, müəllimi və dəyərləri mərkəzdə saxlamağı bacarmalıdır. Mənim üçün vacib olan budur ki, məktəb uşağı yalnız imtahana deyil, həyata hazırlasın. O, həm bilikli, həm də düşüncəli, özünə inanan, milli kimliyini qoruyan və dünyaya açıq bir insan kimi yetişsin.
Düşünürəm ki, gələcəyin təhsili məhz bu balans üzərində qurulacaq.

- Gələcək üçün əsas hədəfləriniz və hazırda qarşılaşdığınız çağırışlar nələrdir?

- Gələcəyə baxışımda əsas prioritet keyfiyyətdir. Bu gün məktəbin qarşısında duran əsas hədəf keyfiyyətcə inkişaf etmək və dünya səviyyəli bir məktəb modelini formalaşdırmaqdır. Bu istiqamətdə qlobal təhsil tendensiyalarını diqqətlə izləyir və hesab edirəm ki, müasir çağırışlara çevik və düzgün uyğunlaşmaq artıq seçim deyil, zərurətdir. Bayaq qeyd etdiyim kimi, bu gün dünya sürətlə dəyişir və təhsil bu dəyişikliyin mərkəzində dayanır. Texnologiyanın, xüsusilə süni intellektin inkişafı, uşaqların diqqət və motivasiya ilə bağlı yeni reallıqları, eyni zamanda psixoloji rifah məsələlərinin ön plana çıxması bu sahədə əsas çağırışlardır.

Mən bu çağırışlara daha çox yeni imkan kimi yanaşıram. Çünki hər yeni dövr təhsilə yenidən baxmaq və onu daha yaxşı qurmaq üçün fürsət yaradır. Eyni zamanda hesab edirəm ki, növbəti mərhələdə xüsusi diqqət yetirilməli sahələrdən biri erkən uşaqlıq dövrüdür. Araşdırmalar da göstərir ki, uşağın əsas inkişaf mərhələsi məhz bu dövrə təsadüf edir və burada qoyulan təməl onun gələcək həyatına birbaşa təsir göstərir.

Bu baxımdan müasir, yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsi həm zəruri, həm də ölkə səviyyəsində prioritet istiqamətlərdən biridir. 

Bu sahədə formalaşan sosial ehtiyacı aydın şəkildə görürəm və hesab edirəm ki, bu istiqamətdə töhfə vermək vacibdir. Mənim üçün əsas məsələ uşaqların inkişafıdır. Açıq desəm, bu sahə iqtisadi səmərəlilik baxımından hər zaman ən cəlbedici istiqamət olmaya bilər. Amma inanıram ki, erkən yaş dövrü həlledici mərhələdir və bu sahəyə qoyulan investisiya əslində gələcəyə qoyulan investisiyadır.
Məqsəd bu istiqamətdə qabaqcıl modellərin formalaşdırılması, keyfiyyət standartlarının yüksəldilməsinə töhfə vermək və bu sahədə öncül yanaşmaların təşviq olunmasına dəstək olmaqdır. Ümumilikdə isə hesab edirəm ki, təhsildə əsas məqsəd yalnız akademik nəticələr olmamalıdır. Məqsəd xoşbəxt, balanslı, özünü dərk edən, məsuliyyətli və həyata hazır fərdlər yetişdirməkdir.

Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm Zəfər də təhsilə baxışımıza dərin təsir göstərib. Bu qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda milli ruhun, birliyin və iradənin təntənəsi oldu.

Şuşaya səfər edərkən keçirdiyim hissləri sözlə ifadə etmək həqiqətən çətindir. Bu, sadəcə bir şəhərə getmək deyil, tariximizə, kimliyimizə və qürurumuza qayıdış idi. Orada insan bir daha anlayır ki, bu torpaqları qoruyan və gələcəyə daşıyan əsas güc məhz düzgün yetişmiş insanlardır.

Bu baxımdan hesab edirəm ki, bu Zəfər təhsildə də öz əksini tapmalıdır. Artıq qarşımızda duran əsas vəzifə yalnız bilikli deyil, eyni zamanda vətəninə bağlı, milli dəyərlərini qoruyan, məsuliyyətli və güclü xarakterə malik gənclər yetişdirməkdir.

Gələcək nəsillər bu qələbənin dəyərini yalnız tarix kimi deyil, həm də daşıdıqları məsuliyyət kimi dərk etməlidirlər və təhsil sistemi də bu istiqamətdə öz rolunu daha da gücləndirməlidir.

Mən həm də diqqəti başqa bir məqama çəkmək istəyirəm. Bu gün dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycanın təmin etdiyi sabitlik və təhlükəsizlik mühiti xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi balanslı xarici siyasət nəticəsində formalaşan bu mühit bizə daha geniş düşünmək imkanı verir. Artıq yalnız ölkə daxilində deyil, eyni zamanda region səviyyəsində də keyfiyyətli və təhlükəsiz təhsil mühiti təqdim etmək perspektivləri yaranır. Bu baxımdan Azərbaycan gələcəkdə region ölkələrindən olan şagirdlər üçün də cəlbedici təhsil mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq təcrübəyə baxdıqda, bəzi ölkələrin, xüsusilə Körfəz regionunun bu istiqamətdə formalaşdırdığı modellər diqqət çəkir. Hesab edirəm ki, Azərbaycanın da öz üstünlükləri və mövcud reallıqları nəzərə alınmaqla bu sahədə inkişaf potensialı kifayət qədər yüksəkdir.

- 25 illik yubiley sizin üçün nə ifadə edir?

- Bu yubiley bizim üçün yalnız bir tarix deyil, həm də böyük bir yolun nəticəsidir. Bu illər ərzində minlərlə şagird yetişib, geniş bir məzun icması formalaşıb və bu, bizim üçün ən böyük dəyərdir. Hər bir məzunun həyatda tutduğu yer və əldə etdiyi uğurlar bizim üçün ayrıca bir qürur mənbəyidir.

Artıq məzunlarımızın bir çoxu ali təhsil alıb ölkəyə qayıdaraq müxtəlif sahələrdə fəaliyyət göstərir, cəmiyyətin və ölkənin ictimai həyatında mühüm mövqelər tutur. Bu, mənim üçün xüsusi qürur hissidir. Çünki bu, gördüyümüz işin real nəticəsidir. Eyni zamanda bu 25 il ərzində təkcə bir məktəb deyil, ümumilikdə bir sahənin formalaşdığını da görürük. Bu gün Azərbaycanda özəl ümumtəhsil müəssisələrinin sayı artıb, müəyyən bir sektor yaranıb. Bu prosesin şahidi və inkişafın bir parçası olmaq mənim üçün xüsusi bir qürur hissidir.

Bu yubiley həm də geriyə baxmaqla yanaşı, gələcəyə daha məsuliyyətlə baxmaq üçün bir fürsətdir. Qarşıdakı dövrdə daha böyük gözləntilərin və məsuliyyətlərin olduğunu anlayırıq. Və bəlkə də ən vacibi odur ki, bu yolun mərkəzində hər zaman insan dayanıb – şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz. Bu da bizim üçün ən böyük dəyər olaraq qalır.

- Məktəbin sosial məsuliyyət fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Açığı, bu mövzu haqqında çox geniş danışmağı düzgün hesab etmirəm. Çünki bəzi məsələlər var ki, onlar daha çox səssiz şəkildə görüləndə öz dəyərini qoruyur.

Amma ümumi olaraq qeyd edə bilərəm ki, sosial məsuliyyət fəaliyyəti hər zaman bizim üçün prioritet istiqamətlərdən biri olub.
Müxtəlif dövrlərdə imkansız, lakin istedadlı uşaqların təhsilinə dəstək göstərilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara imkan yaradılması bu yanaşmanın bir hissəsi olub. Xüsusilə II Qarabağ müharibəsindən sonra isə şəhid ailələrinin övladlarının təhsili ilə bağlı dəstək məsələsi bizim üçün daha həssas və önəmli istiqamətlərdən birinə çevrildi. Mən hesab edirəm ki, təhsil yalnız fərdi uğur üçün deyil, cəmiyyətə və ölkəyə xidmət üçün də bir vasitədir. Bu baxımdan, imkan daxilində bu istiqamətdə fəaliyyət göstərmək bizim üçün həm mənəvi, həm də sosial məsuliyyətdir.

- Gələcək nəsillərə mesajınız nə olardı?

-Dəyişən dünyada ən vacib bacarıq öyrənməyi bacarmaqdır. Özünüzü inkişaf etdirməkdə davam edin və hər zaman daha yaxşısına can atın. Eyni zamanda vətəninizi sevin, cəmiyyətə faydalı olun və harada olursunuzsa olun, dəyərlərinizi qoruyun.