Mütəfəkkir şairin zəngin ədəbi irsini təbliğ edən ünvan - Nizami Gəncəvi məqbərəsi

mutefekkir-sairin-zengin-edebi-irsini-teblig-eden-unvan
Oxunma sayı: 3519

Bəşəriyyətin bədii söz salnaməsində özünəməxsus yeri olan, dünya ədəbiyyatının günəşi hesab edilən dahi şair, mütəfəkkir Nizami Gəncəvi (1141-1209) səkkiz əsrdir dəyərli əsərləri ilə özündən söz etdirir. Görkəmli söz ustadının beş poemadan ibarət “Xəmsə”si dünya mütəfəkkirləri tərəfindən müdriklik xəzinəsi kimi səciyyələndirilir.

Bu il dahi şairin 880 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlamətdar il çərçivəsində qüdrətli söz və fikir ustadının insanlığı daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ölkəmizdə və xaricdə yenidən diqqət mərkəzinə çəkiləcək.

Mənbələrdə qeyd olunur ki, Nizami doğulduğu Gəncə şəhərindən kənara çıxmayıb, bu tarixi-mədəni zənginliklər məkanında yaşayıb-yaradıb. Ancaq əsərlərinin sorağı yaxın-uzaq ölkələrə yayılıb, ədəbiyyat, mədəniyyət karvanına sarbanlıq edib. Mütəfəkkir şairin söz sənətinə verdiyi töhfələr zamanında hakim dairələr və işıqlı insanlar tərəfindən öz dəyərlini layiqincə alıb. XIII əsrin əvvəllərində şairin Gəncədə məzarı üzərində sərdabəsi inşa olunub. Həmin vaxtdan bu məkan əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin nizamisevərlərin müqəddəs bildiyi ünvan olub.

XVII yüzilliyin əvvəllərindən XIX yüzilliyin əvvəllərinə qədərki dövrdə Gəncə ərazisində, Şıx düzündə dəfələrlə baş verən müharibələr nəticəsində sərdabə qismən dağıntıya məruz qalıb. 1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şosesinin sol tərəfində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub.

1940-cı illərin əvvəllərində Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Şıx düzündə arxeoloji qazıntı aparılıb və məqbərənin qədim qalıqları üzə çıxarılıb. Nizami türbəsinin XIII əsrdə inşa olunduğu müəyyən edilib. Ümumi sahəsi 101,12 m² təşkil edən tikilinin divarlarının qalınlığı 172 sm, hündürlüyü isə 5,2 m olub. 1947-ci ildə böyük şairin məzarı üzərində möhtəşəm abidə ucaldılıb.

1981-ci ildə sovet Azərbaycanın rəhbəri, mədəniyyətimizin həqiqi himayədarı olan Heydər Əliyev tərəfindən Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında qərarlar imzalanıb. Həmin il şairin 840 illik yubileyi dünyanın ən böyük şərqşünas və nizamişünas alimləri, eləcə də dövlət xadimlərinin iştirakı ilə söz ustadının doğma yurdu Gəncə şəhərində böyük təntənə ilə qeyd olunub. Yubiley ilində eyni zamanda “Xəmsə” ingilis, rus, alman və fransız dillərinə tərcümə olunaraq nəşr edilib. Nizaminin hikmət xəzinəsinin dünya xalqlarına çatdırılması istiqamətində sistemli iş həyata keçirilib.

UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə yenidən qurulub.

Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, şairin məqbərəsi yenidən qurulub və dünyanın 40 ölkəsinin 150-dən artıq şərqşünas və nizamişünas alimin, görkəmli dövlət və ictimai xadimlərinin iştirakı ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirilib. Bundan əlavə, Şıx düzü ərazisində yerləşən qədim Şıxzamanovlar qəbiristanlığında Nizami Gəncəvinin valideynlərinin məzarları aşkar olunaraq bərpa edilib. Bu nəslin xatirəsinin əbədiləşdirilməsi məqsədilə dahi mütəfəkkirin şəcərəsinin şərəfinə Şıx düzü ərazisinə “Şeyxzamanlılar” adı verilib.

Məqbərənin qarşısında dahi şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nizami Gəncəvi Muzeyi inşa edilib. 2014-cü il 21 yanvar tarixində isə Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Muzeyinin açılış mərasimi keçirilib. Üç mərtəbədən ibarət muzey binasının qarşısında dahi mütəfəkkirin abidəsi ucaldılıb. Muzeydə şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin olan elektron köşk quraşdırılıb. Burada həmçinin Nizaminin 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Xəmsə” və monoqrafiyalar, habelə məşhur muzey və kitabxanalarında qorunan “Xəmsə”nin nadir əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə də yaradılıb.

Prezidentin 22 oktyabr 2019-cu il tarixli sərəncamına əsasən, Nizami Gəncəvi məqbərə kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib. 1988-ci ildə yaradılan qoruq 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılmış qədim Gəncə şəhərinin xarabalıqlarını və Nizami Gəncəvi məqbərəsini əhatə edir.