“Onları meydana buraxmağa çəkinməyəcəyəm”

onlari-meydana-buraxmaga-cekinmeyeceyem
Oxunma sayı: 1142

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubu ilə qarşılaşcaqları matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə “Sabah”ı təbrik edib.

“Əvvəlcə “Sabah”ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. Çempionlar Liqası yenidən bizim gözəl Bakıda olacaq. Bizə gəldikdə, çox vacib oyuna çıxacağıq. Çox yaxşı, baxımlı futbol göstərən komandaya qarşı oynayacağıq. Çox maraqlı oyun olacaq. Hər iki tərəfdən gedişlər olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırıq”, - baş məşqçi bildirib.

***

- Səfərdə qalib gəlmisiniz. Bu cür oyunlarda sizin üçün əsas təhlükə nədir?

- Təhlükə bizim hesabda öndə olmağımızdır. Rəqib daha ciddi hazırlaşacaq. Hesabda öndə olmağımız bizim üçün əlavə üstünlükdür. Niderland çempionatında federasiya tərəfindən belə qərar qəbul olunub, pley-off mərhələsində tur olmur ki, bu mərhələyə yaxşı hazırlaşsınlar, qrupa düşməsələr də, ölkə reytinqini yaxşılaşdırsınlar. Bir həftəni yaxşı hazırlaşıblar. Təhlükə gözləmirik. Bizim özümüz və oyuna necə fokuslanacağımız çox vacibdir. Mənim üçün çox maraqlı, baxımlı futbol oynayırlar. Özüm də belə futbol xoşlayıram - sistematik, hər hücum, addımlar düşünülmüş. Oyunun gedişatında daim oyunun içində olmalıyıq.

- Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Hikmət Cəbrayılzadə və Əli Bəşirov ehtiyac yaranarsa, oyunun ağırlığına psixoloji hazırdırlar?

- Hikmətdə problem olmaz, çünki nə qədər vaxtdır bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün, bəlkə, risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu, bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.

- “Qarabağ”ın heyətində dəyişiklik gözlənilir?

- Tapşırıqlar mütləq olacaq. Bəzi səvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə inanmıram. Oyunlarını analiz etmişik, daha çox meydanda olan heyəti var. Bir həftə yaxşı vaxtları oldu. Bizdə ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.

- Musa Qurbanlının sabahkı matçda start heyətində olması realdır?

- Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik, gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki get-gedə təkcə “Qarabağ”ı yox, Azərbaycan klublarının hamısını ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir, amma inkişaf üçün sıçrayışdır. “Sabah”ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklar elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.

***

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL klubunun futbolçusu Dieqo Roşanın “Qarbağa” keçəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.

O, futbolçunun Ağdam klubuna keçə biləcəyini istisna etməyib: “Bilmirəm. Ola da bilər, olmaya da. Çox oyunçular var. Hər gün hansısa adlar gedir”.

Elsevər Məmmədov