Professor Rəbiyyət Aslanovanın Türkiyədə kitabı nəşr olundu

professor-rebiyyet-aslanovanin-turkiyede-kitabi-nesr-olundu
Oxunma sayı: 1961

Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri, keçmiş millət vəkili Rəbiyyət Aslanovanın Türkiyədə yeni elmi əsəri işıq üzü görüb.

"Qafqazinfo" xəbər verir ki, “Tarihdən günümüzə devlet anlayışı” adlı kitab Türkiyənin Ankara şəhərində Berkan yayınevi tərəfindən nəşr olunub.

Azərbaycan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunan əsər səkkiz bölümdən ibarət olub dövlət anlayışının tarixi mahiyyətini və müasir araşdırmalardakı yerini izah edir.

Əsərdə milli dövlət ideyalarının araşdırılmasına xüsusilə yer verilib. Belə ki, dövlət məhfumuna və milliyətçilik ideyalarına qarşı son dönəmlər artan neoliberal ideologiyalar haqqında fikirlərini bildirən müəllif, dövlət nəzəriyyələrinin araşdırılmasının həm dövlətlər, həm də qlobal düzən üçün önəminə xüsusi yer verib.

Müəllif əsərində müstəqillik, suverenlik və dövlət anlayışlarının birlikdə nəzərdən keçirilməsini təklif edir. Əsərdə milli dövlətin mahiyyətini və onun “modern dövlət”ə çevrilməsini dolğun şəkildə ifadə edilib. Bu istiqamətdə araşdırmalarda Azərbaycanın dövlətçilik sahəsində təcrübələrinə xüsusi yer verilib. Müəllifin kitabda yer aldığı fikirlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik elmi və millət inşası prosesi Azərbaycanda bu istiqamətdəki tədqiqatların təməlində yer alır.

Əsərdə son onilliklərdə ölkə həyatında baş verən müsbət dəyişikliklərin və inkişafın milli özünüdərk prosesində önəmli yerə malik olduğu vurğulanır. Xüsusilə 2020-ci ildə Ali baş komandan İlham Əliyevin liderliyi ilə qazanılan inamlı qələbənin Azərbaycanda milli kimlik inşası prosesinin pik nöqtəsi olduğu, ölkənin gələcəyini və qlobal nizamdakı yerini müəyyən edən bir faktora çevrildiyi qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda milli iradənin təcəssümü və dövlət süverenliyinin dayağı olan siyasi və etnik birliyin bərqərar edilməsinin dövlətçilik fəlsəfəsi baxımından əhəmiyyətinə yer verilir.

Əsərin bir digər xarakterik cəhəti isə dövlət nəzəriyyələri haqqında görüşlərin Azərbaycanın müstəqillik təcrübəsilə müqayisəli şəkildə oxucuya təqdim edilməsidir. Bu istiqamətdə ölkəmizdəki milli və mədəni tolerantlıq da xüsusilə qeyd edilir, müstəqil Azərbaycan səmərəli və rasional idarəçiliyin, planlı və düşünülmüş siyasi strategiyanın özünü doğrultduğu nadir örnəklərdən biri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Bakı Dövlət Universitetinin Fəlsəfə Tarixi və Mədəniyyətşünaslıq kafedrasının müdiridir. Müəllifin bu vaxtadək ölkə daxilində və xaricdə olmaqla 300-dən çox məqaləsi çap olunmuş, 12 kitabı işıq üzü görmüşdür. O, 40 ilə yaxındır ki, Azərbaycan fəlsəfə tarixinin, yüksək milli mənəvi dəyərlərin qorunması, dinlərarası və mədəniyyətlərarası dialoqun araşdırılması istiqamətində fəaliyyət göstərir.