“Sabah”ın prezidenti Elvin Camalovla bağlı qalmaqaldan danışdı

sabahin-prezidenti-elvin-camalovla-bagli-qalmaqaldan-danisdi
Oxunma sayı: 1301

“Neftçi”nin rəhbərliyi ilə əlaqədəyik. Bununla bağlı danışırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü, “Sabah” Futbol Klubunun prezidenti Maqsud Adıgözəlov AFFA-nın bugünkü Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında deyib.

O, klubunun keçmiş oyunçusu, hazırda “Neftçi”də çıxış edən Elvin Camalovla bağlı yaydığı bəyanatdan danışıb: “Hər şey bəyanatda yer alıb. Sizə sual vermək istəyirəm ki, bu nə qədər etik hərəkətdir? Deyirlər ki, Eddi İsrafilovla bağlı vaxtikən belə addım atmışıq. Amma onunla yanvar ayından danışıq aparırdıq və Eddini bizə meneceri təklif etmişdi. Həmin vaxt “Neftçi” ilə vacib oyunumuz var idi və o zaman futbolçuya dedik ki, danışıqları dayandırırıq. Matçdan sonra davam etməyə başlayacağıq. Yanvar ayında biz Elvin Camalovun danışıq apardığı Cesse Sekidika ilə 3 illik müqavilə imzalamışdıq. “Neftçi” ilə münasibətlərimiz həmişə yaxşı olub. Transferlər olanda da rəhbərlik səviyyəsində danışırıq. Əlbəttə ki, hamımız nəsə danışırıq, nəsə eşidirik,  amma normaları gözləyirik.

Elvin Camalov 4 il “Sabah”ın kapitanı olub. Həmin müddət ərzində “Sabah”a görə belə addım atmayıb və edə də bilməzdi. Ona görə ki, biz heç vaxt buna dəstək verməyəcəkdik. Heç kim deyə bilməz ki, “Sabah” UEFA-nın, AFFA-nın reqlamentini pozub, bir futbolçuya kənardan nəsə təklif edib”. 

M.Adıgözəlov komandanın uğursuz çıxışlarından və tez-tez baş məşqçi dəyişiklikləri ilə bağlı sualı cavablandırıb: “Düzdür, uğursuzluqlar var, baş məşqçi dəyişiklikləri edirik. Amma uğurun konkret bir formulu yoxdur. Biz də yaxşı nəticələr qazanmaq istəyirik”. 

Klub rəhbəri son bir neçə gündə hakimlərlə qalmaqalda adlarının hallanmasına da aydınlıq gətirib: “İllərdir ki, futbolun içindəyəm indiyə qədər bir dəfə də olsun Əliyar Ağayevlə söhbətim olmayıb. “Neftçi” ilə oyundan sonra da onunla heç bir söhbətim olmayıb, komanda ilə aşağı da düşməmişəm. Onun iki turdur təyinat almamasını da mətbuatdan oxumuşam. Sadəcə “Neftçi” ilə matçda verilməyən penaltimizlə bağlı da şikayət etmişik, amma mənim narazılığım daha çox VAR hakimi ilə bağlıdır. O, niyə epizodu görməyib? Necə olur ki, baxa-baxa VAR-a çağırmır. AFFA-ya müraciət etmişik”. 

“Deyirlər ki, legioner limitinin ləğvi sırf “Sabah” klubunun istəyidir ki, əcnəbi futbolçularla uğur qazansın. Bu doğrudur” sualını M.Adıgözəlov belə cavablandırıb: “Bizim akademiyanın durumu və futbolçu yetişdirdiyimiz hər kəsə bəllidir. Limitin ləğvi dəqiq baxsaq, ən çox elə bizə ziyandır. Çünki yetişdirdiyimiz oyunçular bir neçə il sonra əsas komandada oynamalıdırlar. AFFA İcraiyyə Komitəsinin üzvü kimi limitin ləğvinin futbola təkan verəcəyini düşünürəm. Amma klub rəsmisi kimi bunun qalmasını istərdim. Çünki bizim yerli futbolçularla heç bir problemimiz yoxdur, gələcəkdə də oynamasını istərdik. Bizim bəzi oyunçularımız başqa klublarda icarədədirlər. Heç kim deyə bilməz ki, “Sabah”ı düşünürük. Təkcə mənim fikrimə qərar vermirlər”.