Xəzər rayonunda ümumrayon Novruz şənliyi keçirilib - Fotolar

xezer-rayonunda-umumrayon-novruz-senliyi-kecirilib
Oxunma sayı: 223

Baharın gəlişi bu il “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xüsusi bir təntənə ilə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Novruz Qalası” bayram şənliyi, ziyarətçilərə həm unudulmaz bir bayram, həm də tarixin dərinliklərinə səyahət etmək imkanı yaradıb.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Milli Məclisin deputatları Soltan Məmmədov, Günay Əfəndiyeva və Gülşən Paşayeva, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdığını, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və artıq həmin ərazilərdə də Novruz bayramının qeyd edildiyini vurğulayaraq tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik ediblər.

Qədim divarların əhatəsində qurulan rəngarəng çadırlar, xalçaçılıq, dulusçuluq və dəmirçilik emalatxanaları qədim el sənətlərini canlandıraraq, hər bir qonağı bu tarixin bir parçasına çevirib. Dəmirçi kürəsindən gələn ritmik səslər, un üyüdən anaların əməyi və boyaqkarlıq ustad dərsləri Novruzun zəhmət və bərəkət simvolunu bir daha önə çəkib.

Tədbirin atmosferi, pəhləvan oyunları və etno-idman növləri ilə daha da canlanıb. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdim etdiyi milli güləş, zorxana və mas-reslinq nümayişləri böyük maraq oyadıb. Eyni zamanda, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi müxtəlif tamaşa və uşaq yaradıcılığı güşələri gələn qonaqların zövqünü oxşayıb. Əlavə olaraq, Buzovna Peşə Məktəbi, rayonun məktəb və məktəbəqədər təhsil müəssisələrinin folklor dərnəkləri və rəqs qruplarının çıxışları bayramı uşaqlıq səmimiyyəti ilə rəngləndirib.

Pavilyonlarda yayılan milli mətbəxin ləzzətli ətri, qonaqlara həm dadlı təamlar, həm də Molla Nəsrəddinin zarafatları və "Xınayaxdı" tamaşasının estetik gözəlliyi ilə əylənmə imkanı verib. Ziyarətçilər “Niyyət ağacı”na bağladıqları rəngli lentlər və pıçıldadıqları saf arzularla qədim inancları yaşadıblar.

Şənliyin zirvəsi, incəsənət ustalarının iştirakı ilə keçirilən böyük konsert proqramı olub. Tədbir, hər yaşdan olan qonaqlar üçün unikal bir əyləncə məkanına çevrilib və sənət nümayəndələrinin çıxışları ilə sona çatıb.