Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video

yanacaqdoldurma-menteqesinin-fealiyyeti-dayandirildi
Oxunma sayı: 1175

Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanacaqdoldurma məntəqəsində yoxlama keçirilib.

Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- işıqlandırıcı cihazların qapalı plafona keçirilməsi təmin edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;

- obyektin daxilində yerləşən elektrik şiti təmiz saxlanılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.