103 yaşlı Azərbaycan ədliyyəsi - Yeni çağırışlar, yeni vəzifələr

103-yasli-azerbaycan-edliyyesi
Oxunma sayı: 2187

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə düşməni məğlub edərək ağ bayraq qaldırmağa məcbur etdi.

Ölkəmizin hərbi-siyasi uğuru, əsgərlərimizin qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.

Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Bundan başqa ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Eyni zamanda Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb. Dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmayıb, bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.

Nazirliyin saytında yaradılan və daim yenilənərək interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platforması isə ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyətli rol oynayır.

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində bu gün biz öz gücü hesabına torpaqlarını işğaldan azad edən, günü-gündən inkişaf edərək regionun lider dövlətinə çevrilən bir ölkənin vətəndaşlarıyıq. Buna görə də ədliyyə sisteminin yaranmasının 103-cü ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün – Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir.

Qeyd edək ki, Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib, funksiya və səlahiyyətləri müəyyən edilib.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi isə 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başladı. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılıb.

Müstəqillik illərində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ilin 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu sərəncam Azərbaycan ədliyyə sisteminin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmaqla ədliyyə fəaliyyətində tarixi varisliyi də təsbit edib.

Prezident İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyəti daşıyan əhatəli qərarlar verilib. Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilib, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılıb, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artıb.

Dövlət başçısının 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə ədliyyə sahəsində islahatların davamlılığın təmin olunması məqsədilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edib. Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac verib.

Bu gün işğaldan azad olunan doğma Qarabağımız yeni mərhələyə - bərpa, dirçəliş və inkişaf mərhələsinə qədəm qoyub. Erməni barbarlarının dağıdaraq yerlə yeksan etdikləri şəhərlərimiz, kəndlərimiz yenidən bərpa olunur, bir milyondan artıq keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün həmin ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin vaxtaşırı işğaldan azad edilən rayonlara səfəri zamanı bunun şahidi oluruq. Dövlət başçısı hər səfərində yeni obyektlərin, yeni layihələrin əsasını qoyur, tikintisi artıq başa çatmış obyektlərin isə açılışını edir. Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı bunun bariz nümunəsidir.

Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və

mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensiala malik olmasının əyani göstəricisidir.

Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri də qarşıda duran ən ümdə vəzifələrdəndir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunub, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb, zəruri təşkilati işlər görülüb. İşğaldan azad edilən ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsi yaradılıb.

Ölkəmizin, eləcə də Ədliyyə Nazirliyinin qarşısında işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı vəzifələr və digər konkret tədbirlər dayanır.

Ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun şəkildə öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.

Yasamal rayon məhkəməsinin hakimi Murad Məmmədov