Aktrisa Zülfiyyə Məmmədovanın “Qafqazinfo”ya müsahibəsi
- Sizi “Həyat sən nə qəribəsən” serialındakı Fidan obrazı ilə tanıdıq...
- Fidan düzə-düz, əyriyə-əyri münasibəti olan bir obrazdır. Fidan mənfi bir obraz deyil. Fidanla öz xasiyyətim üst-üstdə düşür. Mən də düzə-düz, əyriyə-əyriyəm. Düzdür, bir çox hallarda bu xasiyyətim mənə problem yaradır. Çünki insanlar səhvi üzə deməyi sevmirlər.
“Açıq-saçıq səhnələr qardaşıma problem yaradacaq”
- Bu günə kimi hər hansı bir rejissorun iş təklifini rədd etmisiz?
- Bir-iki dəfə olub. Görmüşəm ki, çox açıq səhnələr var. Mənim həyatımda problem yaradacaq şeylərin olduğunu düşünüb imtina etmişəm. Nə rol veriblərsə, o rolu da ifadə etmişəm. Sadəcə olaraq sizə kiçik bir misal çəkim. Kastinqə gedirəm, rejissor mənim canlandırdığım obrazı bəyənir. Həmin obrazın xüsusiyyətlərini, xarakterini sadalamağa başlayır. Obrazda açıq-saçıq səhnələrin olduğunu bildirirlər və mən bundan imtina edirəm. Tənqid və qınaqdan qorxmuram, kompleksiz insanam.
Açıq səhnələrdə oynaram. O zaman ki, belə şeyləri estetik və gözəl şəkildə təqdim etsinlər. Belə olan halda çox gözəl alınır, heç kəsi də narahat etmir. Sevgini həm estetik, həm də vulqar oynamaq olar. Sadəcə düşünmüşəm ki, bu səhnələr mənim ailəmə, qardaşımın adına problem yaradacaq. Onun adına görə bu rollardan imtina etmişəm. Dünyanın sonu deyil ki?

-Bəs yüksək qonorar müqabilində açıq-saçıq səhnələrə çəkilərdiz?
- Elə nüanslar var ki, demək olmur. Bu barədə dəqiq cavab verə bilmərəm. Mənə təkil olunacaq qonorara baxır. Bu dəqiqə o suala cavab verə bilmirəm. Nə “hə”, nə də “yox” deyə bilirəm.
- Aktrisa kimi şansınızı başqa ölkədə sınamaq istəmirsiz?
-Əgər qarşıma belə şans çıxarsa, dəyərləndirərəm. Bu mənim üçün böyük uğur olar. İstəyərəm ki, fəaliyyətimi xarici ölkədə davam edim.
- Serialdan aldığınız qonorar sizi qane edir?
- Tutaq ki, məni seriala çağırırlar. Görüş zamanı mənim nə qədər qonorar alacağım barədə məlumat verirlər. Əgər bu qonorar məni qane edirsə, çəkilirəm. Qane etmirsə bu təklifdən imtina edirəm. Mən bir çox seriallara çəkilmişəm. “Həyat sən nə qəribəsən” serialında isə uzunmüddətli bir obrazı canlandırıram. Həmin serialdan aldığım qonorar barədə çox danışmaq istəmirəm. Dövlət sirridir ( gülür).
-Xalq artisti Amaliya Pənhovanın tələbəsi olmusuz. Amaliya xanımdan nə öyrənə bildiz?
- Çox şey öyrəndim. Bu sənətin sirrlərini öyrədib, bacardığım qədər bəhrələnməyə çalışmışam. Amaliya Pənahovanın “Səbrli və məqsədyönlü olmaq lazımdır” kimi sözləri beynimə həkk olunub. Bu sözləri tez-tez yadıma salıram.
- “Oğlan evi” filmindəki Afa obrazınızla insanların sevimlisinə çevirildiz... Filmdə imkanlı şəxsin məşuqəsi obrazını canlandırırsız...
- Aktyor Elşən Talıbov var. Bizim serialda Araz obrazını canlandırır. Mənə yazdı ki, Zülfiyyə, kastinq keçirilir, mənimlə birgə kastinqə gedək. Getdik, ssenaridən bir parça oynadım. Bir neçə həftə sonra məni çağırdılar. O vaxt heç qonorarı belə soruşmadım.
- “Oğlan evi” böyük büdcə ilə çəkildiyi iddia olunur...
- Film reytinqdə nömrə birdir. Bu İlham Qasımovun uğurudur. Büdcə böyük ola bilər. Mənim obrazıma görə aldığım qonorar çox yaxşı oldu. “Oğlan evi” çəkildiyim ilk filmdir. Camaat 16 yaşında, mən isə 28 yaşımda filmə çəkilirəm. Dəfələrlə fikir vermişəm ki, ayağımı qoyduğum bütün layihələr uğurlu olub.

-Qeyd etdiz ki, açıq-saçıq obrazların olduğu filmlərə çəklilmirsiz. Buna səbəb kimi ailənizi göstərirsiz. Ancaq Afa bir məşuqədir. Bu obraza görə başınız ağrımadı?
- Başım ağrımadı. Çünki burada elə bir səhnə yox idi. Bir az geyimdə açıqlıq var idi. O libası mənə gətirdilər, çox xoşum gəldi. Bu geyimdən imtina edə bilmədim (gülür). Dedim ki, İlahi, belə dona yox demək olar? Karaokedə çəkdiyimiz hissə çox çətin idi. Orada jestlər, məktub səhnəsi, musiqini izləmək, Fərda bəyin çantamı götürmək istəməsi və mənim ona nəzarət etməyim... Səhv etmirəmsə, o səhnədə Ququşun mahnısını oxumuşam. Mənim oxuduğum variantdır. Elcan da o səhnədə özü ifa edib.
Mənim xoşuma gələn bir şey oldu. İndi “Həyat sən nə qəribəsən”dəki Fidan kimi yox, “Oğlan evi”ndəki Afa kimi tanıyırlar. Deməli, filmi kinoteatrlarda izləyirlər.
“Rejissorlar məcburiyyətdən tanınmış simalara müraciət edirlər”
- Niyə bu günümüzün seriallarında aktrisalara yox, aparıcı və müğənnilərə daha çox rast gəlirik?
- Bu barədə rejissorlardan soruşmaq lazımdır. Mən şəxsən bu məsələyə qısqanclıqla yanaşıram. Teatrlarda istedadlı aktrisa və aktyorlar var. Niyə onlar çəkilmir? Filmə baxıb deyirsən ki, mən bu rolu partladardım. Həmin seriallardakı obrazları peşəkar aktyor-aktrisalara həvalə etmək lazımdır. Rejissor birinci aktyorlara müracət etməlidir. Əgər aktyordan istədiyini ala bilməsə, kənardan kiməsə müraciət etmək olar.
Reytinq xatirinə də tanınmış simalara müraciət edə bilərlər. Rejissorları da qınamaq olmaz. Sponsorlarla çətinliklə əlaqə saxlayırlar. Sponsor da maliyyəni tanınmamış birinin çəkildiyi seriala ödəmək istəmir. Məcburiyyətdən tanınmış simalara müraciət edirlər. Ancaq Azərbaycan serialları reytinqdə yüksəkdir. Türkiyə və Rusiya seriallarına baxmırlar. Aktyor tanınır, tanıdıqlarına görə həmin şəxsin teatrdakı tamaşalarına gəlirlər.

“Rejissorlar cürət edib pis təkliflər etmir”
-Seriallarda heç vaxt baş rol ifaçısı olmamısız, əsas qəhrəman olmaq üçün nə etmək lazımdır?
- Məndə baş obrazları canlandıran gənc və saf bir sima yoxdu. Yəni, bizdə baş obrazlara şirin, incə xanımları seçirlər. Rejissorun burada işi böyükdür. Rejissor da özü üçün bir rəssamdır. Özü gördüyü obrazlara uyğun aktrisaları seçir. Mənim elə bir sifət quruluşum var ki, rejissorlar cürət edib pis təkliflər etmir. Bütün səmimiyyətimlə deyirəm. Özümü elə yollara qoymamışam. Şükürlər olsun ki, hər şeyi düzgün addımlarla həll edirəm.
“28 yaşlı bir qız ağ atlı oğlanı gözləməz”
- Heç vaxt ailə həyatı qurmamısız?
- Evlənməmişəm, hələ o bəxtəvər qarşıma çıxmayıb (gülür). 28 yaşlı bir qız ağ atlı oğlanı gözləməz. Mənim üçün ən vacib şey ləyaqətdir. Həmkarlarımla da ailə həyatı quraram. Mənim üçün ən əsası ləyqətdir, insanda bu xarakter birinci yerdədir. İnsanın özü xəyanətkardırsa, həyat yoldaşının hörmətini saxlamırsa, var-dövləti nəyə lazımdı?
-Bəs həyatınızda kimsə var?
- Bir nəfər var idi. Yeganə insan idi ki, ona görə sənətimi atmağa hazırdım. Yəqin məlumatınız var ki, bu sənətdə öz gücünüzlə nələrsə etmək çox çətindir. Mən rollarda saatlarla təbii ağlamışam. Bu qədər zəhmətimi o insana görə atmağa hazırlaşırdım. O isə bunun qədrini bilmədi. İndi isə bu barədə fikrim dəyişib. Məni aktrisa kimi qəbul etsinlər. Mən aktrisayam, öz ağlımla həmişə addım atmışam. 15 yaşımda eləmək istədiyim çılqınlıqları indi edəsiyəm?
- Günay İbrahimlinin baş rolu ifa etdiyi “Sadəcə sev” filmində də çəkilmisiz...
- Filmdə Günay İbrahimlinin rəfiqəsi obrazını canlandırıram. Amma bu barədə çox danışmaq istəmirəm, yaxınlarda filmin təqdimatı olacaq. Ondan sonra daha ətraflı danışa bilərik.
Elvin Elxan
Fotolar: Nuran





