“Əsəbiləşdim” - Rəşad Sadıqov

esebilesdim
Oxunma sayı: 1350

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” sizi həmin müsahibə ilə tanış edir:

- Oyunla bağlı nə deyə bilərsiz? Komanda bu gün qalib gələ bilmədi…

- Gözlədiyimiz kimi, oyun çətin keçdi, çünki "Keşlə" 2-ci dövrə bütün rəqiblərə qarşı müqavimət göstərmişdi. Yalnız 2 matçda 90-cı dəqiqədə buraxılan qollarla məğlub olmuşdular. Digər bir səbəb isə komanda uzun müddət birgə deyildi. Həmişə bizdə milli toplanışdan sonra belə problemlər baş verir. İlk hissə bizim üçün ağır keçdi, demək olar ki, bizdə heç nə alınmırdı, amma 2-ci hissədə özümüzə gəldik və qolu da vaxtında vurduq. Yetərincə imkanlarımız olsa da, əfsuslar olsun ki, 2-ci qolu vura bilmədik. Rəqibin də təhlükəli əks-hücumları oldu. Ümumiyyətlə, azarkeşlər maraqlı oyuna şahidlik etdilər. Düşünürəm ki, 1 xal da qənimətdi.

- Maksim Medvedev bir neçə müddət əvvəl belə bir açıqlama vermişdi ki, bizə qarşı oynayan futbolçular özlərini baş məşqçi Qurban Qurbanova göstərmək istəyir. Ona görə də onlara qarşı oynamaq bizə ikiqat çətinlik yaradır. Bu gün də "Keşlə" futbolçuları əvvəlki matçlardan daha da istəkli idilər. Razısanmı bununla?

- Təbii ki. Hər bir futbolçu üçün milli komandanın baş məşqçisi qarşısında oynamaq əlavə stimuldu. Açıqlanan siyahıdan göründüyü kimi özünü yaxşı tərəfdən göstərən şans tapacaq. Buna görə də futbolçular ikiqat motivasiya ilə oynayırlar.

- Matçın gedişində aqressiv olmağının səbəbi nə idi?

- Buna səbəb oyunumuzun alınmaması və məğlub durumda olmağımız idi.

- Oyundan sonra Pərdis Fərcad Azada əsəbləşdin. Bunun səbəbi nə idi?

- Əsəbləşdim, amma bu, kobud formada olmadı, çünki yığmada birgə oynamışıq.

- U-21-lə bağlı nə deyə bilərsən? Baş məqşçisi olduğun komanda 2 matç keçirdi və son İrlandiya matçında 90+9-da qol buraxdınız. Buna niyə etiraz etmədiniz?

- Etiraz etməyin mənası yoxdu. Təəssüflər olsun ki, məğlub olduq, halbuki futbolçular çox yaxşı oynamışdı. Ən azı 1 xal qazanmaq istəyirdik. Əks-hücumlarımız oldu, qol vurub qələbə qazana bilərdik, amma təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, uşaqların istəkli oynaması məni sevindirdi. Rəqibin heyətində Premyer Liqa və Çempionşipdə oynayan futbolçular var idi, ancaq uşaqlar onlardan çəkinmirdilər. Mənim üçün əsas olan da futbolçuların rəqibdən qorxmamaları idi. İnşallah, digər məsələlər də qaydasına düşər.

- Matça 5 dəqiqə əlavə olunmuşdu, amma qol artırılan 9-cu dəqiqədə vuruldu. Meydanda nə baş vermişdi?

- Sona 20 saniyə qalmış Mahir Mədətov zədələnib yerdə qaldı. Buna görə də təxminən 2 dəqiqə matç dayandı. Mahir ayağa qalxsaydı, bəlkə də hakim oyunu bitirərdi, çünki topu rəqib meydançaya uzaqlaşdırmışdıq. Bu da hakimə elə gəldi ki, oyunu istədiyi qədər uzada bilər. Oyuna sonradan da baxmışam. 20 saniyə qalmışdı, ancaq biz daha 2 dəqiqə oynadıq. Əslində, təhlükəli epizod da yox idi. Topu soyuqqanlı şəkildə uzaqlaşdırmışdıq, amma sonda qaydanı pozduq və rəqib də bundan istifadə edib fərqləndi. Oyun ərzində də rəqibin bir neçə standard vəziyyətdən imkanları oldu, amma komanda bu epizodlarda inamlı oynayırdı. Düzdü, standard vəziyyətdən 2 qol buraxdıq, amma komandanın məhz standard vəziyyətlər zamanı ikinci mərtəbədə də və birəbir mübarizələrdə yaxşı oynaması məndə müsbət fikir oyatdı.

- Həm U-21, həm də əsas yığma oyun keçirdi. Səncə, hansı yığmada görüləsi işlər çoxdu?

- Çətin sualdı. Ümumiyyətlə, işlər elə yöndə görülməlidi ki, bütün komandalarda sistematik və proqramlı şəkildə ciddi işlər aparılmalıdı. Aşağı yaş qruplarından elə futbolçular çıxmalıdı ki, sabah milli komandaya gələndə taktiki baxımdan savadlı olsunlar. Yığmaya çağrılan futbolçu 2-3 matça çıxır. Əksər millilərdə vəziyyət belədi. Məsələn, Kosovo yığması bizdən qabaq 2 gün məşq etmişdi, ancaq yetişən futbolçular hesabına öz oyunlarını oynayırlar. Onların 2 gün məşq edib bu səviyyədə oynamaları mümkün deyil. Biz də millini aşağı yaş qruplarından o səviyyəyə gətirməliyik ki, futbolçular əsas yığmaya çağrılanda yarı sözlə Qurban müəllimi anlasınlar.

- Qurban Qurbanov belə bir açıqlama vermişdi ki, lazım olarsa, Rəşad Sadıqovu yenidən milli komandaya çağıracağıq. Yəqin son qərarı sən verəcəksən…

- Bu, bu gün gündəmdə olan məsələ deyil. Milli karyeramı bitirdikdə, hətta Qurban müəllimin gəlişindən daha öncə bunu bildirmişdim. Hamı yığma komandada yalnız 2 mərkəz müdafiəçisi Ruslan Abışovla Bədavi Hüseynovun olduğunu deyirdi. Onda da söyləmişdim ki, formada olacağım halda yenidən yığmaya kömək etməyə hazıram. Məhz Qurban müəllim də eyni cümləni səsləndirib ki, lazım olacağı halda yenidən çağıracağıq. Amma bu məsələ indi gündəmdə deyil.

- Millətlər Liqasında vəziyyət pis olacağı halda qayıdacaqsınız?

- Vəziyyət pis olmasın, amma ehtiyac olacağı halda, hə. Düşünürəm ki, buna ehtiyac olmayacaq. Oyundan oyuna görünür ki, futbolçular inkişaf edir. Düzdü, oyunlara 5-6 ay vaxt qalıb. Buna qədər 2-3 yoldaşlıq görüşü olacaq. Həm ilk, həm də son matçımız onlara qarşı olacaq. Bu matçlar final matçı havasında keçəcək, çünki Kosovo Avropada çıxış edən təcrübəli futbolçulara malikdi. Ona görə maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdı.