“Future Lab” və “Bir” ekosistemində yeni rəhbər təyinatları

future-lab-ve-bir-ekosisteminde-yeni-rehber-teyinatlari
Oxunma sayı: 265

“Future Lab” və “Bir” ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, “PAŞA Maliyyə Holdinq”inin məlumatına əsasən, Lukasz Szczepanski “Birmarket”in baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə “Allegro” şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində “Birmarket” komandası ilə sıx əməkdaşlıq edib.

“Future Lab”ın baş icraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər “Birmarket”in baş icraçı direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən “PashaPay” şirkətinin baş icraçı direktoru olub. Təyinat “Future Lab”ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.

“Future Lab” bundan sonra “Bir” ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. “Future Lab”a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.
Bu dəyişikliklər “Bir” ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.

“PAŞA Maliyyə Holdinq”i 2025-ci ilin dekabr ayında yaranıb və “PAŞA Holding”in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.