Aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasa Baş nazirin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çinin kommersiya nazirinin müavini və ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.
Şahin Mustafayev iclası açaraq bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarının verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycanla Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və mütəmadi təmaslar bu inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Ticarət-iqtisadi sahədəki əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulandı. Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olduğu qeyd edildi. İki ölkə arasında ticarət dövriyyəsinin artım meyli ötən il 21% (3.7 mlrd $) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37% -( $1,02 mlrd) artıq yüksəlib. Azərbaycan, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
Sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da qeyd edilib.
Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.
Bundan əlavə, Azərbaycan Prezidentinin Çinə qarşıdakı səfəri çərçivəsində Azərbaycanda BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsinə start veriləcək.
İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığ strateji prioritet təşkil edir. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan bu sahədə böyük potensiala, Çin geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir. Tərəflər hesab edirik ki, birgə səylər bu istiqamətdə uğurlu əməkdaşlığın qarantı olacaq.
Baş nazirin müavini Şahin Mustafayev bildirdi ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da uğurla inkişaf edir.
İşğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulanıb.
Regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etdiyi, Zəngəzur dəhlizinin reallaşmasının isə sülhə və təhlükəsizliyə xidmət edəcəyi, Orta Dəhlizin tərkib hissəsi kimi “Kəmər və Yol” layihəsinə də mühüm töhfə verəcəyi bildirilib.
Qeyd edildi ki, keçən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb.
Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
İclasın yekununda Birgə İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu və Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının Protokolu imzalanıb.