Baş prokuror Kollegiya iclası keçirdi - Fotolar

bas-prokuror-kollegiya-iclasi-kecirdi
Oxunma sayı: 2320

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən Kamran Əliyev bildirib ki, 2023-cü ilin tarixi əhəmiyyəti onunla ifadə olunur ki, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edir.

Vurğulanıb ki, bu il çərçivəsində digər dövlət qurumları kimi prokurorluq orqanları tərəfindən də, dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlər, o cümlədən müxtəlif konfrans, dəyirmi masa, görüş, açıq qapı tədbirləri və s. təşkil olunub, film çəkilib, nəşrlər çap edilib.

Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan torpaqlarımız azad edilib, 23 aprel 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması və bunun ardınca 9 sentyabr 2023-cü il tarixdə başlanmış və 24 saatdan az müddətdə davam edən lokal xarakterli anti-terror əməliyyatı ilə Azərbaycanın dövlət suverenliyi bütün Azərbaycan ərazisində bərpa edilib.

Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan dövlət bayrağının ucaldılması və 08 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində keçirilən Zəfər paradı ilə Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpası barədə Azərbaycan xalqına verdiyi sözü, Azərbaycan xalqı qarşısında özünün ən müqəddəs tarixi missiyasını yerinə yetirib.

Kollegiya iclasında 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının tam şəkildə qorunması, seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi xüsusilə vurğulanıb.

Bununla yanaşı, 2024-cü ilin Azərbaycan Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixli Sərəncamla “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş ən böyük töhfə olduğu, növbəti ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP) əhəmiyyəti vurğulanıb.

Daha sonra ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilib.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.