“Bura gələndə həyati göstəriciləri sıfır idi, amma sağlığına qovuşdu” - Videoreportaj

bura-gelende-heyati-gostericileri-sifir-idi-amma-sagligina-qovusdu
Oxunma sayı: 7321

Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə tanışlığımız qeydiyyat bölməsindən başlayır. Bura xəstəxananın “qış parkı” da deyirlər. Vaxtilə cəmi 60 kvadrat metrlik ərazidə təşkil olunmuş bölmə tibb müəssisəsinin yeni rəhbərliyinin qərarı ilə 10 dəfə böyüdülərək 600 kv metrə çatdırılıb. Burada tibbi xidmətlər icbari tibbi sığorta ilə qarşılanır və hər kəs təmənnasız istədiyi xidməti ala bilir. Belə ki, nəhəng zala daxil olan vətəndaş elektron növbə götürür, masaya yaxınlaşaraq qəbz alır və şikayəti əsasında həkimə yönləndirilir.

“Qafqazinfo” icbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərilən tibb müəssisəsinə baş çəkib, qeydiyyat prosesindən tutmuş əməliyyatxanalara qədər yaradılmış şəraitlə yerində tanış olub.

Hər gün 2500-dən çox müraciət olunur

200 çarpayıdan ibarət tibb müəssisəsində həm cərrahi, həm də terapevtikprofilli şöbələr fəaliyyət göstərir. Xəstəxanaya gün ərzində müraciət sayı ötən illə müqayisədə 30 faiz artıb. Hazırda gündəlik müraciət sayı 2500-ü ötür.

Abşeron RMX-nin direktoru Azər İsmayılovun sözlərinə görə, regionda şəhərləşmə prosesinin çox sürətlə getməsi tibbi xidmətin təşkilində bir sıra çətinliklər yaratsa da, buna baxmayaraq, keçən illə müqayisədə bu il çox ciddi yeniliklər edə biliblər: “Müraciət sayının çox olmasına baxmayaraq, həm xidmət sayını, həm də ambulator poliklinika və stasionar xidmətin çeşidliliyini artırmışıq. Daha öncə fəaliyyət göstərməyən yeni bölmələr, şöbələr açılıb. Məsələn, neonatologiya, neyrotravma, üz-çənə cərrahiyyəsi və s. şöbələri yaradılıb”.

“Heç bir ödəniş etmədən əməliyyat olundum”

Abşeron rayonu strateji baxımdan Bakı şəhəri ilə digər periferik region arasında yerləşir. Lakin xəstə qəbulunda ərazi amili əhəmiyyət daşımır. Bura həm yaxın, həm də kənar rayon və şəhərlərdən, o cümlədən, Gəncə, Lənkəran, Cəlilabad, Astara, Quba, Qusar və digər ərazilərdən müraciətlər olunur.

Elə xəstəxananın Üz-çənə cərrahiyyə şöbəsində əməliyyat olunan və evə buraxılmağa saatları qalmış növbəti uğurlu pasiyent Tahir Qarayevlə həmsöhbət oluruq. Məlum olur ki, o da regiondan icbari tibbi sığorta əsasında xəstəxanaya müraciət edib: “Dekabrın 18-də xəstəxanaya gəlmişdim. Tüpürcək vəzimdə problem var idi. İcbari tibbi sığorta ilə gəldim və heç bir pul ödəmədən Vüqar həkim tərəfindən əməliyyat olundum. Əməliyyatım rahat keçdi. Xəstəxana personalından çox razıyam. Bu gün artıq evə buraxılıram. Özümü çox yaxşı hiss edirəm”.

“Bir il ərzində onlarla ağır əməliyyat etmişik”

Xəstəni əməliyyat edən Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Vüqar Qurbanov da xaricdə təhsil almış uzman həkimlərdəndir. Həkimin sözlərinə görə, Abşeron RMX-da üz-çənə cərrahiyyəsi 1 ildir fəaliyyət göstərir: “Xaricdə öyrəndiyimiz təcrübəni burada tətbiq edə bilirik. Böyük uğurlarımızdan biri də odur ki, biz təkcə Abşeron ərazisində yaşayan əhaliyə xidmət etmirik. Xəstə potensialımız Azərbaycanın bütün bölgələrindəndir. Şöbəmizdə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan üz-çənə nahiyəsinin bütün patologiyaları uğurlu şəkildə əməliyyat edilir”.

Həkim bildirir ki, bu bir il ərzində dəfələrlə ağır əməliyyatlar icra edilib: “Bir ay əvvəl 9 yaşlı uşağı əməliyyat etdik. Təsadüf nəticəsində 3-cü mərtəbədən yıxılaraq ağır travmalar almışdı. Bütün üz-sümük skeletlərində sınıqlar var idi. Əməliyyat etdik və uşaq sağlamlığına tam qovuşdu. Həmçinin 6 ay əvvəl Yevlaxdan ağır nəqliyyat hadisəsi nəticəsində xəstəni qəbul etmişdik. Qəbul olunanda həyati göstəricilər sıfır idi, yaşam ilə ölüm arasında mücadilə edirdi. 6 saata yaxın əməliyyat icra olundu. Xəstəmiz sağlığına qovuşdu. Ən çox həsrətində olduğumuz o idi ki, xəstələri təmənnasız, icbari tibbi sığorta çərçivəsində əməliyyat edək. Artıq bu sistem tətbiq olunur”.

Yeni cihazlar gətirilib

Direktorun sözlərinə görə, dünyanın inkişaf etmiş səhiyyə sistemlərinin tələblərinə uyğun olaraq, fəaliyyət göstərən xəstəxanada yeni nevroloji, kardioloji, qastroenteroloji müayinə üsullarından istifadə olunur: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xəstəxana elektroensefaloqramma (EEQ), qastroskopiya müayinələrinin aparılması üçün yeni cihazlarla təchiz edilib. Həmçinin kardioloji müayinələrin aparılması üçün “treadmill” (stres test) alınıb. Bununla da, həm müayinənin çeşidliyi, həm də xəstə sayı artıb”.

İşə uzman həkimlər cəlb olunub

A.İsmayılov deyir ki, maddi-texniki bazanı gücləndirməklə bağlı görülən işlərdən əlavə, xəstəxanada kadr potensialını gücləndirmək üçün də bir sıra addımlar atılıb: “Həkim sayı 290-a, orta tibb işçilərinin sayı 439-a çatdırılıb. Agentliyin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ına uyğun olaraq 6 həkim - ümumi cərrah, pediatr, neonatoloq, mama-ginekoloq, uroloq, üz-çənə cərrahı ixtisaslarına xaricdə təhsil alan mütəxəssislər cəlb edilib. Onların əksəriyyəti Türkiyədə uzmanlıq təhsili alanlardır. Bu mütəxəssislərə yüksək məvaciblər verilir. Onların səyi nəticəsində xəstəxanada əvvəlki dövrdə icra olunmayan bir sıra prosedur və əməliyyatlar hazırda icra olunur. Bura tiriodektomiya əməliyyatı (zob), laporoskopik öd kisəsi əməliyyatı, nefrektomiya və digər əməliyyatlar daxildir və bunlar icbari tibbi sığorta çərçivəsində həyata keçirilir”.

“İndi reanimasiyaya ağır xəstələri də qəbul edə bilirik”

Tibb müəssisəsində, həmçinin yeni laboratoriya qurulub. Hazırda ehtiyac olan bütün analizlər, o cümlədən, qanın ümumi analizi, biokimyəvi, hormonal, bakterioloji və digər analizlər həyata keçirilir.

Xəstəxana rəhbərliyi ilə müasir standartlara cavab verən strelizasiya, təcili yardım və reanimasiya şöbələrinə baş çəkirik. Direktorun sözlərinə görə, xəstəxanada həftənin 7 günü 24 saat fəaliyyət göstərən təcili yardım bölməsi fəaliyyət göstərir. İlk dəfə icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsində üç rəngli triaj sistemi (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) tətbiq olunur. Xəstəxananın təcili yardım şöbəsinə müraciət sayı da əvvəlki dövrlə müqayisədə 2 dəfə artıb.

Abşeron RMX-nin intensiv terapiya, anesteziologiya və reanimasiya şöbəsi 10 çarpayıdan ibarətdir. Əvvəllər bu xəstəxanada sadəcə vəziyyəti orta olan xəstələri qəbul edə bilirdilərsə, hazırda ağır xəstələr də qəbul olunur”.

Elə həmsöhbətlərimizin də dediyi kimi, bütün görülən işlər xəstə məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmağa xidmət edir. Xəstəxanaya cəmi bir neçə saatlıq səfər həyatla ölüm arasında sərhədin çox kiçik olduğunu bir daha sübut edir. Tibb işçilərinin qarşısına qoyulan əsas məqsəd bu intervalı minimuma endirmək, ən qısa zamanda xəstələri həyata qaytarmaqdır.

Gülnar Əliyeva

Foto-video: Pərvin Zeynal