Bu aralar hər kəs canlıya məxsus xəstələnmək kimi təbii xüsusiyyətdən qaçmağa çalışır, amma yenə də dərmansız qala bilmir. Çoxunun dərman gündəlik qidasının tərkib hissəsinə çevrilib. Hər hansı bir şikayətdən həkimə müraciət edəndə, həkimin qızıl vaxtının alınmasına bir neçə vərəq dərman siyahısı düşür. Əgər siz həkimə inamsızlığı ilə fəxr edənlərdənsinizsə, onda klinikanın qapısından çıxan kimi reçepti cırıb tullayacaqsız, ya da şüphə ilə onu başqasına göstərəcəksiz. Həkimlərə ehtiram qalıbsa, dərhal yaxındakı aptekdən dərmanları alıb, ağına-bozuna baxmadan ötürəcəksiz mədəyə.
Dərmanlardan söz açanda, yadıma Rusiya telekanallarının birində efirə gedən nüfuzlu “Tədqiqat” adlı verilişi xatırlayıram. Verilişin bir buraxılışında göstərilən və araşdırılan məsələ təəccüb döğurur. Deməli, oradan belə nəticəyə gəlmək olur ki, bütün həblər formaca və rənginə görə fərqlənsə də, tərkibi eynidir. İnsanlar sadəcə bu dərmanları qəbul etməklə özlərini aldadır, psixoloji rahatlıq tapırlar. Bu nəticə dərmanların tərkibi, onlardan düzgün istifadə, saxta məhsul barədə ciddi düşünməyə əsas verir.
Dünya Səhiyyə Təşkilatının(DST) hesabatına əsasən, hər il dünyada 1 milyondan çox insan saxta dərman qəbulu üzündən dünyasını dəyişir. Saxta dərmanların illik dövriyyəsi isə 32 milyard dollarla ölçülür. Saxta, təhlükə saçan bu məhsulların 60%- inin Asiyadan,əsasən də Çindən gəldiyi bildirilir. Faciəvi tərəfi odur ki, ıstehsal olunan saxta dərmanların 42%-i antibiotik, 18%-i psixotrop məhsullarıdır. Yeri gəlmişkən, bu yaxınlarda DST-nın rəhbəri Marqaret Çan həyəcan siqnalı verərək, dünya ölkələrinin antibiotikdən istifadəsini azaltmağı məsləhət görüb. Qurumun baş mütəxəsisinin sözlərinə görə, həkimlər yersiz antibiotiki məsləhət görür, nəticədə Avropada aparılan araşdırmadan məlum olur ki, müalicələrin 50%-ində effekt əldə olunmur. Yəni, orqanizmdə antibiotikə qarşı müqavimət yaranıb. “Artıq belə getsə, bir neçə ildən sonra ən sadə yara, dəridə cızıq ölümümüzə səbəb olacaq”- deyə o, vurğulayıb. Onda belə çıxır ki, antibiotikin saxtası insan üçün daha çox təhlükə yaradır.
Mütəxəsislərin fikrincə, saxta dərmanların 60 %-i inkişaf etmiş ölkələrdə istehsal olunur və əqli mülkiyyəti zəif olan, iqtisadi böhranlı ölkələrərə asanlıqla sırınır. Elə ölkə var ki, saxta məhsullar dərman bazarının 10%-ni, eləsi var ki, hətta 50%-ni təşkil edir. Azərbaycanda da vəziyyət heç də sadalananlardan fərqlənmir. Amma yerli bazarda saxta dərmanların kifayət qədər yer alması, alıcıların şikayətlərindən də məlum olur. Adını vermək istəməyən alıcılar uzun müddətdir, istifadə etdiyi dərmanın son zamanlar xeyrini görmədiklərini deyir. Həkimlər bunun dərman asıllığı ilə əlaqədar olmasını desələr belə, bu məsələdə saxta dərmanlardan istifadədə əminlik yaranır.
Araşdırmalar göstərir ki, bu gün insanların çoxu həkimə inamsızlıq və keyfiyyətsiz firma dərmanları çoxluğu səbəbindən özünü müalicəyə üstünlük verir. Nəticədə dozanın düzgün təyin olunmaması səbəbindən xəstəxanaya düşür. Təbii vasitələrlə, şəfaverici otlarla belə düzgün davranmamaq, həddindən artıq istifadənin aqubəti pis ola bilər. Ən sadə bitki çayı içəndə belə orqanların vəziyyətinə bələd olmaq gərəkdir. Bu yaxında özünü zəli ilə müalicə edən bir xanım qanaxma nəticəsində komaya düşüb. Təbii yolla müalicə üçün loğmanlara müraciət etmək gərəkdir ki, indi onların da çoxu yalnız küllü miqdarda pul hesabına müalicəyə razılaşırlar. Etiraf edək ki, onlar arasında fırıldaqçılar da var.
Market-restoran-aptek
Xüsusən, Bakıda bu üç obyekt sayını artırmaq üçün elə bil yarışa girib. İnsanlar məhz market və restoranlarda təqdim olunan bərbəzəkli, keyfiyətsiz qidaların qəbulundan sonra apteklərin qapısını döyürlər. Nəzarətsiz qida, bir qisim həkimin vaxtıylə bolluca təyin etdiyi keyfiyyətsiz dərmanların nəticəsində sıradan çıxmış orqanların təmirinə çalışırlar. Aptek çox, can qurtaran vədini verən saysız dərman. Azərbaycanda apteklərin hansısa məkanda yerləşməsində də problemlər var. Təkçə bir metro stansiyasının ətrafında 15-ə yaxın aptek fəaliyyət göstərir. Amma elə ərazi var ki, orada heç bir aptekə də rast gəlmək olmaz, yaxud apteklər arasında xeyli məsafə var. Əgər rəqabətlə çalışan bu apteklər eyni vaxtda gəlir əldə edirsə, deməli əhalinin təlabatı həddindən artıqdır. Bakı Şəhər Baş Apteklər İdarəsinə apteklərin dəqiq sayını öyrənməklə bağlı müraciət etdim. Təəsssüf ki, idarənin əməkdaşları əvvəlcə icazəsiz məlumat verə bilmədiklərini bəhanə etdilər, sonra isə məlum oldu ki, heç onlar (Elçın müəllim, Bəhruz müəllim, elə Səhiyyə Nazirliyinin mətbuat xidməti də) bu barədə məlumata malik deyillər. Hətta nazirlik əməkdaşı bu adda idarənin mövcud olmasından belə xəbərsizdir. Əldə olunan məlumata görə, respublikada 1500-dən çox aptek və 120-ə qədər topdan satış dərman deposu var.
Həkim-firma “məhəbbət”i
Yəqin çoxları həkimə gedəndə, onun ağxalatından tutmuş stolüstü və ya otaqdakı aksesuarlarında hansısa eyni loqonun təsvirinin şahidi olub. Bəli, bu həkim- dərman firma iş birliyinin nəticəsidir. Həmin loqolu firma ona xidmət göstərən, dərmanına müştəri tapan həkimini həm pulla(satış %-i ilə), həm də başqa əşyalarla təltif edir. Hətta adam hər hansı xəstəxanaya yaxınına dəyməyə gedəndə, qapıda bezmişcəsinə verilən ilk sual “hansı firmadan gəlmisiz “ olur. Hər yerdə dərmanını satmağa yer axtaran canlı reklamçılar qaynayır. Xəstəsini vecinə almayan, vicdansız həkim tapan kimi onunla müqavilə bağlayırlar. Farmokoloji şirkətlə əlbir olan həkim xəstəyə yazdığı dərmanın tərifnaməsindən sonra, onu “mehribancasına”məsləhət görür. Hələ reseptin bir surətini də çıxarır, pasiyentdən istifadədən sonra dərman qutularını təhvil verməyi xahiş edir. Əlbəttə ki, “əməy”ini firmaya sübut etmək üçün. Bu sahədə nadan olanlar həkimin tapşırdığı bahalı, “möçüzə” dərmanları alır, diribaşlar isə onun bir qədər ucuz başa gələn ekvivalentinə (xüsusən Rusiya məhsulları hörmət qazanıb) dəyişirlər. Apteklərdən birinin Sevinc adlı əçzaçısı deyir ki, çox vaxt alıcılar özləri bizə reseptdə göstərilənin ucuz variantının verilməsini xahiş edirlər. Əçzaçının sözlərinə görə, bəzən eyni dərmanlar arasında 100 manatdan çox fərq ortaya çıxır. Leyla adlı pediatr xanımın sözlərinə görə isə, həkimlər heç olmazsa firma dərmanlarını məsləhət görəndə onun tərkibi ilə yaxından tanış olmalıdırlar. “Bu yaxında bir dərman təqdim etdilər mənə. Həmin dərmanın müqabilində mənə 20 manat (biri üçün)verəcəkdilər. Dərmanın tərkibini oxuyandan sonra ondan imtina etdim. Özü də uşaqlar üçün olan vitamin qrup dərman körpələrin qaraciyər və böyrəyində fəsadlar yarada bilər.” Təəssüf ki, xanım bu dərmanın adını söyləmədi.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, dərmanla bağlı da şikayətləri olur. “Bu günlərdə Cavid Abdullayev adlı şəxs “Nərğiz”klinikasının iranlı həkimi Məhəmməd Purun onu aldatması barəsində bizə müraciət etib. Gecə 2-nin yarısında pasiyentini qəbul edən nevropotoloq azyaşlı uşağa “Ritalin” adlı dərman yazıb. Məlum olub ki, bu dərman narkotik tərkiblidir. Həkim özü də bu dərmandan istifadə etdiyini etiraf edib.” Həqiqətəndə Eyyub müəllimin sözündən sonra, rus saytlarının birində “Ritalin” barədə təhlükəli məlumat ortaya çıxır. Rusiyada və bir çox ölkədə qadağan olunan bu dərmana “uşaq kokoini”ni də deyirlər, bu dərman “Meridil”, “Metilfenidat”, “Çentedrin” markası altında da satılır. Dövlət reystrinə daxil olan dərman siyahısında onun adı gözə dəymir. Birlik sədri bununla bağlı araşdırmanın davam etdiyini bildirir. Hər halda bu dərmanın satışı qadağan olunmalıdır. Saxta dərman məsələsinə gəlincə, Eyyub müəllim “ gülməli də olsa holoqramı aptekdə satıcılar özləri vururlar”-deyir. Respublikada aptek şəbəkəsinin 10 dəfə az olduğunu qeyd edən mütəxəsis, dərman bazarının 30%-ni saxta məhsul təşkil etdiyini bildirir. Məlumat üçün deyək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin rəsmi saytında 3543 adda dərman vasitəsinin adı qeyd olunsada (2010-cu ildə), hazırda 4000-ə qədər dərman qeydiyyatdan keçib. 330-dan çox dərmanın satışı qadağandır. 160-dan çox dərman istehsal edən firmaların fəaliyyətinə içazə verilib. Bu farmakoloji şirkət və depolar içərisində “Avromed”, “Riadmed”, “Zəfəran” liderliyini qoruyur. Bir neçə aptek müdiriylə söhbətin nəticəsində eyni fikrə gəlmək olar. Azərbaycan dərman bazarında da monopoliya qaçılmazdır. Təkcə “Avromed”in özü respublikanın 1420-dən çox aptekini dərman preparatı ilə təmin edir.
Azərbaycana gətirilən dərmanlar əsasən, Rusiya, Ukrayna,Türkiyə, Almaniya, Fransa məhsullarıdır. Əslində ölkəmiz hər yerdən bura dərman axınına münbit şəraət yaradıb. Arada Hindistan firmaları arasında soyuqluq olur, amma yenə də apteklərdə oranın məhsullarına rast gəlmək olar. Əslində farmakologiya sahəsində Hindistan dünya təbabətinə ta qədimdən öz töhfəsini verib. Elə indi də orada bu işlə məşğul olan 10 mindən çox şirkət var.
Təlimatsız əcnəbi dərmanlar
Bu gün apteklərdə satılan dərmanların çoxunun içlik vərəqi, təlimatı yoxdur, yaxud əcnəbi dildədir. Xüsusən, bu ispan, fransız, alman məhsullarında nəzərə çarpır. Halbuki, Dərman Vasitələrinə Analitik Nəzarət Mərkəzi onların tərkibini yoxlamaqla yanaşı, holoqram vurmalı eləcədə də, məhsulların təlimatının ana dilində yayılmasına nəzarət etməlidirlər. Dəfələrlə Mərkəzin dərmanlara nəzarət inspeksiyası şöbəsinin rəisi Pərviz Əzizbəyov bu işlərin görüldüyünü desə də, xüsusən pediatrik vasitələr əcnəbi təlimatla satılır. Valideynlər ən azı dərmanın saxlanma qaydası və istifadə müddəti barədə məlumatsız qalırlar. Baxmayaraq ki, bizdə çoxu həkim reseptinə əsasən, dərmanla davranır. Nəzərə alsaq ki, dərman bolluğu içərisində elə məhsulun adı var ki, bir hərfi ilə fərqlənir. Yaxud dərmandan istifadə dozası barədə həkimin yanlış qeydi də ola bilər, diqqətli pasiyent içlik vərəqi ilə bu səhvi düzəldər. Bir vacib məqam da odur ki, bizdə dərmanın yeməkdən sonra və əvvəl qəbulu məsələsi çox vaxt ciddi sayılmır. Əcnəbi dərmanların təlimatının tərcüməsində iştirak edən təcrübəli həkim, cərrah Elmar Şərifovun sözlərinə görə, xarici dərmanların içlik vərəqələrinin hamısı ana dilinə tərcümə olunur. Sadəcə vərəqələri distribyuter firma və şirkətlər özləri dərman qutularına yerləşdirməkdə tənbəllik edirlər. Halbuki bu vacib məqamdır. Xüsusən, xəstənin allergik reaksiyası, digər orqana zərəriylə bağlı dərman təlimatı oxunmalıdır.
Yararsız dərmanların ünvanı
Hər kəs istifadə etdiyi dərman preparatının yararlıq müddətinə baxandan sonra qəbul etməlidir. Aptek rəhbərləri bu məsələnin nəzarətdə saxlamağın çətin olduğunu deyirlər. Bu iş məsuliyyətli əczaçı tərəfindən diqqətlə yoxlanılmalıdır. Vaxtında depoya qaytarıldıqda isə aptek qismən ziyana düşür. Vaxtı keçmiş dərmanlar barədə dəqiq statistika aparılmasa da, bu məhsullar Əczaçılıq Fəaliyyəti barədə Qanunun 17-ci maddəsinə görə, xüsusi nəzarət altında məhv edilir və ya yandırılır.
Respublikada ilboyu dərmanlardan istifadə zamanı zəhərlənmələr, bəzən isə ölüm halları da baş verir. Respublika Gigiyena və Epidemialoji mərkəzdən verilən məlumata görə, dəqiq rəqəm göstərilməsə də, son vaxtılar saxta, yaxud vaxtı keçmiş dərmandan zəhərlənmə halları çoxalıb. Mərkəz bunu dərman bazarına nəzarətsizliklə əlaqələndirir. Resbublika Toksikoloji Mərkəzin baş tibb bacısı Maya Yusifovanın sözlərinə görə isə, bu ilin 3 ayında mərkəzə 700-ə yaxın müraciət daxil olub. Onlar arasında intihar edərkən dərmanla zəhərlənənlər, yaxud özbaşına dərmandan istifadə edən, yararlılıq müddəti keçmiş dərman qəbul edənlər çoxluq təşkil edir.
Hər kəsə dərmansız süfrə və mədə arzusu ilə, amandır xəstələnməyin!
Raminə Eyvazqızı