Dövlət yağışla bağlı necə yüz faizlik ehtiyat tədbiri görə bilər?

dovlet-yagisla-bagli-nece-yuz-faizlik-ehtiyat-tedbiri-gore-biler
Oxunma sayı: 608

Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir.

“Qafqazinfo” xəbər verir ki, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilib.

Digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş verib və bu proses davam etməkdədir.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28%, metanın miqdarı isə 60% artıb.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib.

Son iki həftədə ölkəmizdə müşahidə olunan intensiv yağışlar, bu yağıntıların səbəb olduğu sel, daşqın və torpaq sürüşmələri də məhz yüzilliklərdir davam edən prosesin bir hissəsidir. Hansı ki, bu prosesdən heç bir ölkə yayına bilməyib, yayına bilməz də.

Son günlər qonşu ölkələrdə: Dağıstan, Türkiyə, Ermənistan, Gürcüstanda baş verən sel və daşqınlar da Azərbaycandakı ilə eyni səbəbdən baş verib. Hətta bizdəkindən daha çox fəsadlara, dağıntılara, insan itkisinə səbəb olub. Amma nədənsə həmin ölkələrdə insanlar baş verənləri təbii fəlakət kimi qəbul etsə də, ölkəmizdəki müəyyən kəsim insanlar dərhal dövləti hədəfə çevirməyə çalışır, ittihamlar irəli sürülür, əsassız iddialar səsləndirilir.

Bəzən baş verən hadisələrə zarafatla və ya tənqidi mövqedən yanaşmaq arzuolunandır. Ölkəmizdə bunu edən, sosial şəbəkədə paylaşan kifayət qədər insanlar var ki, onların mövqeyi heç də ikrah doğurmur, gündəlik həyata münasibətdə əriyib gedir. Bununla yanaşı bir çox insanlar hətta təbii fəlakətlərin baş verməsində də dövləti günahkar çıxarmağa çalışır. Axı yağışın çox yağmasına, zəlzələyə, quraqlığa görə dövlət necə yüz faizlik ehtiyat tədbiri görə bilər? Dünyanın ən güclü ölkəsi hesab edilən ABŞ-nin demək olar hər il təkrarlanan qasırğa və tufanlar qarşısında necə aciz olması: şəhərlərin, yolların, minlərlə avtomobilin su altında qalması, evlərin güclü külək səbəbindən necə dağılmasını bütün dünya görür. Eləcə də hər il bütün dünyanı əhatəyə alan böyük meşə yanğınları, səhralaşma kimi problemlər dövlətlərin bu problemlər qarşısında aciz olduğunu göstərir.

Qlobal iqlim dəyişikliyinin yaratdığı problemlə üz-üzə qalan cəmiyyətlər əsasən həmin problemdən çıxış yollarını axtarır. Ən azından əmlak sığortasını inkişaf etdirmək haqqında düşünür. Hansı ki, əksər ölkələr artıq bu sistemi qurublar.

Aslan Vəliyev