Heydər Əliyevlə bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - Fotolar

heyder-eliyevle-bagli-beynelxalq-elmi-praktiki-konfrans-kecirilib
Oxunma sayı: 1294

Aprelin 25-də Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Azərbaycan Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və s. şəxslər iştirak ediblər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Bakı Biznes Universitetindəki büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib ki, beynəlxalq konfransımız günün aktual məsələsi olan “Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar” mövzusuna həsr edilib:

“Bu konfransın mövzusunu ona görə aktual hesab edirik ki, hər bir ölkənin suverenliyinin möhkəmləndirilməsi və dövlət müstəqilliyinin inkişaf etdirilməsi onun iqtisadi qüdrəti ilə birbaşa bağlıdır. Bu məqamda Ulu Öndər Heydər Əliyevin aforizmlərindən birini diqqətinizə çatdırmaq yerinə düşərdi. Belə ki, Ulu Öndərin təbirincə desək “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu fəlsəfənin alt mənası fikrimizcə, iqtisadiyyat həyatın bazisi, siyasət isə üst qurumu, yəni onun idarə olunmasıdır. Bu baxımdan da heç təsadüfi deyil ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edib. Bu yanaşma Azərbaycanın dövlətçilik baxımından hüquqi bazasının möhkəmləndirilməsini, iqtisadi baxımdan isə müasir dövrün tələblərinə uyğun olaraq rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsini özündə ehtiva edir.

Daha sonra rektor mövzu ilə əlaqədar olaraq rəqabətqabiliyyətli iqtisadi inkişafda milli və qlobal perspektivlər barəsində öz mülahizələrini bölüşüb. 

Plenar iclas çərçivəsində ilk olaraq Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanda real sektorun rəqabət mühiti və onun qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli və İnstitutun böyük elmi işçisi Aygün Təhməzli ölkə və müəssisələrin rəqabət qabiliyyətinə dair geniş analitik təhlillərini konfrans iştirakçılarına təqdim ediblər.

Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev suverenliyimizin möhkəmləndirilməsi baxımından rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yönəlmiş yeni strateji yanaşmaların müzakirə edilməsinin, innovativ həllərin təhlilinin və dayanıqlı iqtisadi modelin formalaşdırılmasının vacibliyindən danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov isə rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında süni intellekt texnologiyalarının çox mühüm rol oynadığını qeyd edib.

Natiqlər onu da qeyd ediblər ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksəltmək və davamlı inkişafı təmin etmək dövlətin gələcəyi, xalqımızın rifahı, hüquqi, siyasi və iqtisadi müstəqilliyin daha da möhkəmləndirlməsi üçün böyük əhəmiyyət daşıyır. 

Konfrans çərçivəsində Türkiyənin Kadır Has Universitetindən professor Özgür Orhanqazi, Polşanın Bıdqoş İqtisad Universitetindən prorektor Dr. Magdalena Berqman, Estoniyanın Tallin Texnologiya Universitetindən Arçil Koçia, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən Dr. İstvan Temesi, Litvanın Utenos Tətbiqi Elmlər Universitetindən Dr. Ruta Meiste, Birləşmiş Ərəb Əmirliklərinin Qulf Universitetindən dosent Sabrin Ali Azim, Rumıniyanın Babeş-Bolyai Universitetindən Trayan İonut Luka və Moldovanın İqtisadi Araşdırmalar Akademiyasından dosent Tatiana Qutium iqtisadi rəqabətqabiliyyətlilikdə süni intellekt, yaşıl idarəetmə və dayanıqlı inkişaf mövzularında çıxışlar edərək aparıcı beynəlxalq təcrübələrini bölüşüblər.

Konfransın plenar iclası başa çatdıqdan sonra tədbir bölmələr üzrə müzakirələrlə davam etdirilib. Bölmə iclaslarında iştirakçılar müxtəlif sektorlarda rəqabətqabiliyyətin artırılması yolları, innovasiya, rəqəmsallaşma və davamlı inkişafın təmin edilməsində yeni iqtisadi modellər üzərində geniş elmi-praktiki fikir mübadiləsi aparıblar.