Türkiyənin Adana şəhərində Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasının radiologiya şöbəsindəki anbardan dəyəri 15 milyon lirə (təxminən 750 mindən çox manat) olan dərmanları oğurlamaqda şübhəli bilinən depo məsulu Cengiz Saylık həbs olunub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Sarıçam rayonundakı xəstəxanada baş verib.
Məlumata görə, radiologiya şöbəsinin anbar cavabdehi Cengiz Saylık illik məzuniyyətə çıxdıqdan sonra onun vəzifəsi müvəqqəti olaraq S.A.B. adlı əməkdaşa həvalə edilib. Anbarda sayım aparan yeni əməkdaş təxminən 15 milyon lirə dəyərində dərmanın əskik olduğunu müəyyən edib. Vəziyyətlə bağlı xəstəxana rəhbərliyi araşdırmaya başlayıb və C.Saylıkla əlaqə saxlamaq mümkün olmadıqda məsələ barədə polisə məlumat verilib.
Polis əməkdaşları tərəfindən saxlanılan Cengiz Saylık dindirilmə zamanı əməlini etiraf edib:
“Borcum var idi. Borclu olduğum şəxslər məni hədələyirdilər. Bu səbəbdən anbardan 2 milyon liralıq dərmanı çıxarıb satdım. Dərmanların qalan hissəsindən isə xəbərim yoxdur”.
Polis idarəsindəki əməliyyatlardan sonra məhkəməyə göndərilən Cengiz Saylık barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər