İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında həyata keçirdiyi xüsusi əməliyyatla HƏMAS qruplaşmasının təchizat üzrə məsul zabitini və hərbi komandirini zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun yaydığı bəyanata əsasən, nöqtəvi hava zərbələri nəticəsində HƏMAS-ın təchizat üzrə zabiti Məhəmməd əl-Abed və komandir Əhməd Mayin Məhəmməd Anqar məhv edilib.
İsrail tərəfi bildirir ki, zərərsizləşdirilən Məhəmməd əl-Abed uzun müddət Qəzza zolağına qanunsuz silah-sursatın keçirilməsi, qaçaqmalçılıq tunellərinin qazılması və terror təşkilatının hərbi qanadının silahla təmin edilməsi prosesinə rəhbərlik edib.
Qeyd olunub ki, hər iki şəxs son aylarda İsrail ordusuna və mülki əhaliyə qarşı hücum planlarının hazırlanmasında fəal iştirak ediblər.
Bəyanatda həmçinin bu şəxslərin İsrail hərbçiləri üçün birbaşa və ciddi təhlükə yaratdığı, bu səbəbdən dəqiqliklə endirilən hava zərbəsi ilə sıradan çıxarıldıqları vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər