İpoteka üçün müraciət edənlərin sayı - Açıqlandı

ipoteka-ucun-muraciet-edenlerin-sayi
Oxunma sayı: 185

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılmış və 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və “AzInTelecom” MMC birgə məlumat yayıb.

Vətəndaş müraciətlərinin Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilmiş, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.

İpoteka kreditləşməsi prosesində ilk dəfə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq ediblər. 

Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırmışdır. Elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün 1393 şəxsin (ümumi müraciət sayı 6848) müraciəti qeydə alınıb.

İpoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.