Dünən xəbər oxudum ki, görkəmli şairimiz Zəlimxan Yaquba “Nazim Hikmət” mükafatı verilmişdir. Verilməsinmi? Əladır. Buna Borçalı, Faxralı, Dmanisi, Qazax, Kürdəmir sevinəcəkdir, Lənkəran şad olacaqdır, dağ çayları, buz bulaqlar, mavi göllər çağlayacaqdır, ümummilli liderimizin ruhu şad olacaqdır, Məhəmməd Əmin Rəsulzadənin ruhu ikiqat sevinəcəkdir, Şah İsmayıl Xətai qılıncını qabına soxacaqdır! Hurrey!
Mən bir-iki yazı bundan qabaq xəbərdarlıq eləmişdim: dünya karikatur bir dünyaya çevrilir və Zəlimxan müəllimin Nazim Hikmətin adını daşıyan ödülü alması hələ necə deyərlər, jurnaldır. Yaxın illərdə siz Səyavuş Novruzovun Azərbaycan prezidenti olmasını, Zahid Orucun BMT sədri seçilməsini, Ramil Usubovun Nobel sülh mükafatı almasını görəcəksiniz, o zaman mənə rəhmət oxuyarsınız, çünki mən bunları görmədən öləcəyəm - bu möhtəşəm hadisələrdən az öncə Hacı Madərin Texas ştatından senator seçilməsini görərək ürəyim partlayacaqdır.
Söz vaxtına çəkər, hazırda uca millətimiz və sevgili xalqımız Kəlbəcərin işğalını qeyd edir, o gözəl torpaqları ermənilərə verib qaçandan bəri hər gün iqtidardan tələb edirik ki, hərəkətə keçsin. Zarafat edirəm, Kəlbəcər kimə lazımdır? Əsas odur Xəzərdə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqları işləyir. Kəlbəcərin mineral sularını xaricdə də tapa bilərik, bir-iki adam satsaq iqtidardan putyovka verilir. İndi ağlıma gəldi, əslində iqtidara Azərbaycanın torpağı heç lazım deyil, çünki karbohidrogen ehtiyatları sudan çıxır. Bir növ, biz respublikamızı estakada üzərində qayıra da bilərik.
Uzun sözün qısası, Kəlbəcərin işğalı günüdür və mən bu yaxında internetdə, bir sosial şəbəkədə gördüyüm fotonu xatırladım. Adını çəkməyəcəm, çünki adam Kəlbəcərin işğalından sonra yanlış, ya doğru - zindanda yatıb, indi bu adamın yaxası medalla dolu şəklini veriblər, altından da yazıblar: “Kəlbəcər döyüşlərinin qəhrəmanı”. Əcəb işdir. Görəsən ermənilər Kəlbəcəri tutan zabitlərinin şəklinin altına hansı cümləni yazırlar? Əgər bu adam qəhrəmandırsa, Kəlbəcər hanı?
Bənzər durum Qaçqınkomun sədri Əli Həsənovun Kəlbəcərin işğalının 21 illiyinə həsr edilən iclasda çıxışı zamanı da yaranıb. Əli müəllim deyib ki, Azərbaycan prezidenti respublikamız üçün bu qədər işlər görür, lakin xarici dövlətlərin rəhbərləri onu dəstəkləmirlər.
Yaxşı, hesab edək prezident Yardımlı-Soğanverdilər-Perimbel-Şilyan avtomobil yolunun 30 kilometrlik hissəsinin asfalt örtüklə bəzədilməsi haqda sərəncam imzalamışdır, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu vasitəsiylə “Movqe” qəzetinin arxa səhifəsində ulduz falı verilməsi üçün 30 min manat ayırmışdır - Barak Obama bunu nə üçün dəstəkləsin? Fransua Olland bəlkə də dəstəkləyər, ancaq Angela Merkelin heç vecinə olmayacaqdır, buna əmin olun, Hacıbəla müəllim demişkən.
Hər halda, sevindirici haldır ki, respublikamızda müəyyən seçim imkanları hələ qalmaqdadır. Məsələn, NİDA Vətəndaş Hərəkatının həbs edilən üzvlərindən Məmməd Əzizov məhkəmə ifadəsində deyib ki, Milli Təhlükəsizlik Nazirliyində onu döyüb işgəncə verənlər əvvəlcə şərt irəli sürürmüşlər, deyirmişlər ya dəyənəyi seç, ya da müstəntiqin yazdığına qol çək. Zorlamaqla da hədələyirmişlər. Halbuki heç Məzahir Pənahovun kontorunda bu qədər variantlar olmur, bülletendə adətən bir qrafa quşlanır, proses bitir. Bu cür demokratik mühit yaratdığı üçün MTN şefi Eldar müəllimə təşəkkür edirik.
Nazim Hikmətin şeirində deyilən kimi, “Sən bir qoz ağacısan Qəbələ meşəsində, Səndən piano düzəldəcək Kamal müəllim”...
musavat.com