Miqrant axınında ölənlərin sayı 57-yə çatdı

miqrant-axininda-olenlerin-sayi-57-ye-catdi
Oxunma sayı: 222

Mərakeşdən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı 57-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərin əksəriyyəti Mərakeşin şimalındakı Fenidek şəhərindən Seutaya üzərək keçməyə cəhd edən şəxslərdir.

Mərakeşdən Seutaya keçməyə cəhd edən miqrantların böyük hissəsinin geri qaytarıldığı bildirilir.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 37500-dən çox miqrant Mərakeşə qaytarılıb. Bu rəqəmin Seutaya daxil olmağa cəhd edənlərin ümumi sayının təxminən 75 faizini təşkil etdiyi qeyd olunur.

Axtarış-xilasetmə işləri sərhəd yaxınlığındakı sularda davam etdirilir. Əməliyyata iki dalğıc qrupu və İspaniya Mülki Qvardiyasının Sualtı Əməliyyatlar Xüsusi Qrupunun (GEAS) səkkiz əməkdaşı cəlb olunub.

Axtarışların davam etdiyibildirilir, ölənlərin sayının artacağı ehtimal edilir.  

Qeyd edək ki, hadisə 30 iyulda baş verib. Həmin gün 800-dən çox miqrant Mərakeşin Fenidek sahillərindən Seutaya üzərək keçməyə cəhd edib.

İspaniyanın Baş naziri Pedro Sançez hökumətin vəziyyətə müdaxilə etmək üçün bütün mövcud resursları səfərbər etdiyini açıqlayıb.

Miqrant axınının kəskin artmasından sonra İspaniya hökuməti Seutada təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgəyə silahlı qüvvələr yerləşdirib.

İspaniya hökumətinin hesablamalarına görə, son 24 saat ərzində 49 mindən çox insan Seutaya üzərək və ya piyada keçməyə cəhd edib.