Qırğızıstan mediası İlham Əliyevin səfərini geniş işıqlandırdı

qirgizistan-mediasi-ilham-eliyevin-seferini-genis-isiqlandirdi
Oxunma sayı: 325

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, Qırğızıstan xəbər agentlikləri, televiziya kanalları, qəzetlər və onlayn nəşrlər Azərbaycan dövlətinin liderinin gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən danışıqlar, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər.

Media Prezident İlham Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlı bəyanatına, Qırğızıstanın sosial-iqtisadi uğurlarını yüksək qiymətləndirməsinə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi və geoiqtisadi bölgəyə çevrilməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirib.

Qırğız mətbuatı hələ dövlət səfərindən əvvəl bu barədə məlumatlar verməyə başlamışdı.

“Veçerniy Bişkek” qəzeti bildirib ki, səfər proqramında dövlət başçıları arasında təkbətək danışıqlar və Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

“Kabar” xəbər agentliyi, dövlətə məxsus “Erkin-Too” qəzeti, “UTRK”, “ELTR” televiziya kanalı, eləcə də “Kaktus.media”, “24.kg”, “Super.kg”“IM.kg” saytları Prezident İlham Əliyevin iyulun 30-da “İssık-Kul” Beynəlxalq Hava Limanına gəlişi barədə məlumat yayıblar.

“Kabar” xəbər agentliyi Azərbaycan Prezidentini Qırğızıstan Prezidenti Sadir Japarovun qarşıladığını bildirib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul dəstəsi qırmızı xalça boyunca düzülüb.

Qırğızıstan mediası Çolpon-Atadakı “Rux-Ordo” Mədəniyyət Mərkəzində keçirilən rəsmi qarşılanma mərasimini də ətraflı işıqlandırıb.

“Kaktus.media” Prezident İlham Əliyevin hərbçilərə salamını başlığa çıxarıb: “Salam, əsgər!”

Nəşrlərdə əsas mövzulardan biri Prezident İlham Əliyevin Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik əməkdaşlığı səviyyəsinə qaldırılması barədə bəyanatı olub.

“AKIpress” xəbər agentliyi Azərbaycan dövlətinin başçısının sözlərini başlığa çıxarıb: “Dünyada bundan yüksək səviyyə mövcud deyil”.

Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik əməkdaşlığı səviyyəsinə keçməsi mövzusu “Open.kg”, “Sputnik Kırqızıstan”“24.kg”nin başlıqlarında da öz əksini tapıb.

“Kabar” Xəbər Agentliyi, “Economist.kg”“IM.kg” prezidentlər İlham Əliyev və Sadir Japarov arasında aparılan danışıqlar barədə ətraflı məlumat verib. Bildirilib ki, tərəflər iqtisadi, investisiya, nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Yerli media Prezident İlham Əliyevin Qırğızıstanın nailiyyətləri ilə bağlı fikirlərinə xüsusi diqqət yetiriblər. Nəşrlərdə deyilir ki, Azərbaycan lideri ölkənin sosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyişlər əldə etdiyini, iqtisadi potensialının gücləndiyini və beynəlxalq nüfuzunun yüksəldiyini qeyd edib. Xüsusilə, “Erkin-Too” qəzeti və “Barakelde” portalı Azərbaycan liderinin Qırğızıstanın inkişafına verdiyi yüksək qiymətin yer aldığı materialları dərc ediblər.

“Kabar” informasiya agentliyi Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının ikiqat artırılması və 200 milyon dollara çatdırılması barədə razılaşma barədə məlumat yayıb. Nəşr Prezident İlham Əliyevin bu qərarın fond vasitəsilə həyata keçirilən, yeni istehsal və iş yerlərinin yaradılmasına kömək edən layihələrin səmərəliliyi ilə bağlı olduğuna dair sözlərindən sitat gətirir.

Dövlət səfərinin əsas nəticələrindən biri də Qırğızıstanla Azərbaycan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub.

Portal Economist.kg bildirib ki, danışıqların yekunlarına əsasən Müttəfiqlik münasibətləri haqqında Müqavilə və daha 14 sənəd imzalanıb.

İkitərəfli sənədlərin imzalanması barədə “Kabar” Agentliyi, “Slovo Kırqızıstana” qəzeti, “Tazabek”, “K-News”, “Govori.TV”, “IM.kg”, “7-ci kanal”“UTRK” məlumat yayıblar.

Qırğızıstan mediası iki ölkənin ali dövlət mükafatlarının qarşılıqlı təqdimetmə mərasimini geniş işıqlandırıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə I dərəcəli “Manas” ordenini təqdim edib. Mükafat iki dövlət arasında strateji tərəfdaşlığın inkişafına və Azərbaycan ilə qırğız xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi mühüm töhfələrə görə verilib.

Prezident İlham Əliyev öz növbəsində Sadır Japarova Azərbaycanın ən yüksək dövlət mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edib. Mükafat Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə verilib.

Mükafatlandırma mərasimini “Erkin-Too”, “AKİpress”, “Kabar” Agentliyi, “Slovo Kırqızstana” qəzeti, “24.kg.”, “Vesti.kg”, “UTRK”, “7-ci kanal”, “Govori.TV”, “Koom.press”“Report.kg.” işıqlandırıb.
 

“24.kg” və “Vesti.kg” Prezident İlham Əliyevin Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfələr haqqında sözlərinə ayrı-ayrı məqalələr həsr ediblər. Nəşrlər Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda inşa edilmiş Aykol Manas adına orta məktəbə xüsusi diqqət yetiriblər. Azərbaycan dövlətinin başçısı onu qardaşlığın daha bir rəmzi və iki xalqın birliyinin abidəsi adlandırıb, göstərilən köməyə görə Qırğızıstana minnətdarlığını bildirib.

“Kabar” Agentliyi və 24.kg portalı bildiriblər ki, Prezident İlham Əliyev Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.

“Kabar” Agentliyi Azərbaycan dövlət başçısının iki ölkənin beynəlxalq platformalarda bir-birini dəstəkləməsini, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ticari-iqtisadi qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişaf etdirilməsini davam etdirməsi barədə sözlərini də sitat gətirib.

Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bir geosiyasi və geoiqtisadi regiona çevrildiyi barədə bəyanatına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Həmçinin qarşılıqlı səfərlər haqqında məlumatlar göstərilib və dövlət başçısının region ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyəti barədə sözləri sitat gətirilib.

“Economist.kg”, “Vesti.kg”“Sputnik Qırğızıstan” Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmonla birlikdə İssık-Kulda beynəlxalq dərəcəli Qolf Klubunun açılışında iştirakından danışıblar.

Nəşrlər dövlət başçılarının topa simvolik ilk zərbələr vuraraq yeni Qolf Klubunun işinə start verdiklərini yazıb. Vesti.kg onu da qeyd edib ki, prezidentlər idman-turizm kompleksinin infrastrukturu ilə tanış olublar.

Super.kg portalı dörd prezidentin İssık-Kul sahilində qeyri-rəsmi ünsiyyətini əks etdirən videomaterial dərc edib.

Qırğızıstan media orqanları Prezident İlham Əliyevin dövlət səfərini Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi təqdim edir.

Nəşrlərdə səfər çərçivəsində artıq keçirilən tədbirlərin əsas nailiyyətlərinə ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə keçməsi, sənədlər paketinin imzalanması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və iki xalq arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi aid edilir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da gücləndirilməsi mövzusu nəşrlərdə xüsusi yer alıb.