Tovuzda məktəbdə şagirdlər qazdan zəhərləndi - Yenilənib - Foto

tovuzda-mektebde-sagirdler-qazdan-zeherlendi
Oxunma sayı: 1316

Tovuz rayonunda məktəblilər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kənd orta məktəbində baş verib.

Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib: “Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır”.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər (məktəbli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

***

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi daha bir məlumat yayıb. Bildirilib ki, halı pisləşən şagirdlər həkim müayinəsindən sonra evə buraxılıblar:

“Aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagird müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.

Yunis Quliyev