Polkovnik prezidentə müraciət etdi

polkovnik-prezidente-muraciet-etdi
Oxunma sayı: 2017


Müraciətdə deyilir:

Hörmətli prezident!

Sizə müraciət edən Müdafiə Nazirliyi Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirovdur. Sizə müraciət etməyimin səbəbi Bakı şəhəri, S. S. Axundov küçəsi, ev 11 B, mənzil 73-də yaşayan, 72 yaşına çatmasına baxmayaraq hələ də 283 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Şükufə Axundovanın və onun havadarı olan Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən rəfiqəsi Tamilla Nəsrullayevanın qanunsuzluğuna məruz qalmağımdır.

Şükufə Axundovanın qızı Səbinənin keçmiş həyat yoldaşı, yəni oğlum Ramil Bəkirov heç vaxt Azərbaycan vətəndaşı olmamış, 1983-cü ildən bu günə qədər Sankt-Peterburq şəhərində daimi qeydiyyatda olaraq orada yaşamış və Rusiya Federasiyasının vətəndaşıdır. Oğlumun Sankt-Peterburqda 3 otaqlı mənzili var.

Oğlum Ramil Bəkirov 2000-ci ilin 6 oktyabrında Bakı şəhər sakini Ağakişiyeva Səbinə Zakir qızı ilə ailə qurmuş, toydan 20-25 gün sonra həyat yoldaşı ilə birlikdə Sankt-Peterburq şəhərinə daimi yaşamağa getmişlər. Səbinə həyat yoldaşı Ramil Bəkirovla həmin şəhərdə cəmisi 1il 3 ay yaşamış, nikahdan uşaqları yoxdur, rəsmi qaydada boşanmışlar.

1 il 3 ay Sankt-Peterburqda əri ilə birgə yaşadıqdan sonra Səbinə anasından ayrı yaşaya bilmədiyini əsas gətirərək 6 yanvar 2002-ci ildə ona məxsus əşyalarını və qızıl-zinət əşyalarını yığaraq ərinin iradəsinin ziddinə olaraq Bakıya qayıtmış, 4 gündən sonra isə bizə heç bir xəbərdarlıq etmədən gətirdiyi əşyaları ilə birlikdə anası yaşayan ünvana getmiş, onu geri qaytarmaq cəhdlərimizə məhəl qoymayaraq bu günə qədər də anasının yanındadır.

Onu da nəzərinizə çatdırıram ki, Səbinənin Sankt-Peterburqda ərinin evinə qeydiyyata düşməsi üçün 23.08.2001-ci ildə Bakı şəhərində anasının yaşadığı ünvandan qeydiyyatdan çıxmış, bu haqda Binəqədi rayonu 5-ci Polis Bölməsindən ünvanlı gediş vərəqəsi almışdır. Həmin vərəqənin tərcüməsi, eləcə də Səbinənin 2001-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində qeydiyyata düşməsi üçün öz əli ilə yazdığı ərizəni, qeydiyyat üçün ödənilən dövlət rüsumları qəbzlərinin surətini də şikayət ərizəmə əlavə edirəm. Onu da nəzərinizə çatdırıram ki, yuxarıda hallandırdığım sənədlər bütün məhkəmə instansiyalarına təqdim edilsə də hakimlər tərəfindən nəzərə alınmamışdır.

Cənab prezident!

Bildirmək istəyirəm ki, Bakı şəhərində yaşadığım mənzil 1999-cu ildə Müdafiə Nazirliyi tərəfindən mənə verilmiş və 03 yanvar 2002-ci ildə özəlləşdirilərək mülkiyyətimə keçirilmişdir. Yəni Şükufə Axundovanın qızı Səbinənin Nəsimi rayon Məhkəməsinə mənim şəxsi mülkiyyətimdə olan mənzilimə qeydiyyata düşməsini və ona yaşamaq hüququnun tanınması üçün verdiyi iddia ərizəsindən 1 il 9 ay qabaq mənzil özəlləşdirilmişdir. Beləliklə, Rusiya vətəndaşı olan oğlum Bəkirov Ramilin o vaxtkı həyat yoldaşının mənim özəlləşdirilmiş və xüsusi mülkiyyətimdə olan mənzilimə heç bir aidiyyatı yoxdur.

Hörmətli prezident!

Bütün bu hadisələrdən sonra keçmiş gəlinim Səbinə anası Şükufə Axundovanın və onun yuxarıda qeyd elədiyim havadarının dəstəyi ilə 2003-cü ilin dekabr ayında Nəsimi rayon Məhkəməsinə mənim şəxsi mülkiyyətimdə olan həmin mənzilə qeydiyyata düşməsi və yaşamaq hüqunun tanınması üçün iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi işə ədalətli yanaşaraq bu iddianı rədd etmiş və Səbinənin belə bir hüququnun olmadığını əsaslandıran qətnamə çıxarmışdır. Apellyasiya Məhkəməsi isə 02 iyul 2004-cü ildə Nəsimi rayon Məhkəməsinin qətnaməsini ləğv edərək Səbinənin mənə qarşı iddiasını təmin etmişdir. Ədalətsizliyin ləğvi üçün Ali Məhkəməyə müraciətim də nəticəsiz oldu və 22 fevral 2005-ci ildə bu instansiya da Apellyasiya Məhkəməsinin tamamilə qanunazidd qərarını qüvvədə saxladı.

Bütün başıma gələnlərə baxmayaraq mən yenə də Azərbaycan Respublikasının mövcud qanunlarının aliliyinə inanaraq 2005-ci ildə Konstitusiya Məhkəməsinə müraciət etdim. Ancaq bu günədək müraciətimə bu instansiyadan cavab ala bilməmişəm.

Cənab prezident!

Mən Sizə güvənərək yenidən bu işi təzələməklə 23 may 2014-cü ildə qanunsuz məhkəmə qərarlarının ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət etmişəm. Ümid etmək istəyirəm ki, bu dəfə məhkəmə hakimləri haqqın yanında, haqsızın qarşısnda dayanmağı bacaracaqlar. Bunun üçün Sizdən kömək istəyirəm!