Bu münasibətlə Cəfərovun vaxtilə özünün təsisçisi olduğu Yazıçılar Birliyinin “Natəvan klubu”da anım tədbiri təşkil olunacaq. Bəlkə də çoxları onu tanımır. Bu, xüsusən, gənc və orta nəslə aiddir. Yaşlı nəslin nümayəndələri isə Cəfərovun ədəbi-elmi, eləcə də dövlət xadimi kimi səmərəli fəaliyyətinin yaxından şahidi olublar.
Yazıçılar Birliyinin sədri Anar Rzayev deyir ki, Cəfərovun Azərbaycan ədəbiyyatında, eləcə də teatrşünaslığının inkişafında müstəsna rolu olub: “O, Vətəninə, millətinə hər zaman sadiq ədib olub. Mirzə Fətəli Axundov haqında geniş tədqiqatları var. Mənim onun haqqında “Sənət yanğısı” adlı essem çıxıb. Həmin essedə Cəfərovun yaradıcılığından, Azərbaycan teatr sənətinin tarixini yazan çox dəyərli monoqrafiyalar müəllifi kimi barəsində geniş yazmışam. Cəfər müəllim Atam Rəsul Rza ilə yaxın dost olub. Rəsul Rza 1939-cu ildə Yazıçılar Birliyinin sədri olanda Cəfər Cəfərovu dəvət edərək bu təşkilatda katib vəzifəsinə təyin edib. Cəfərov həm də universitetdə mənim müəllimim olub. Diplom işimin rəhbəri idi".
Yazıçı Anar Cəfərovla bağlı xatirələrini də bölüşür: "Atamla yaxın olduğundan, hər zaman evlərinə gediş-gəlişimiz olub. Onun xəstə yatağında tez-tez yanına gedərdim. Cəfər bəyin vətən eşqi xəstə yatağında belə onu hər zaman narahat edirdi. Təbrizi xatırlayırdı və mənə deyirdi ki, o şəhəri paytaxt görmək istəyirəm. Cəfər Cəfərov həm də II Dünya müharibəsinin iştirakçısı olub. Müharibə dövründə Krım cəbhəsində atası Rəsul Rza ilə birlikdə olublar: “Müharibə dövründə cəbhə bölgəsində “Ordu qəzeti”ni Azərbaycan dilində çap edirdilər. Həmin qəzetin Azərbaycan redaksiyasının redaktoru Cəfər Cəfərov olub. Əməkdaşlar qismində isə Rəsul Rza, Əli Vəliyev, Abbas Zamanov və s. ədiblər fəaliyyət göstərib”.
Cəfər Cəfərov milli teatrşünaslığın konseptual inkişaf istiqamətlərinin əsl elmi məcraya düşməsində müstəsna işlər görüb. O, Bakıda doğulub və ilk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələrdə çalışıb. O cümlədən, 1967 – 1971-ci illərdə Mərkəzi Komitənin ideologiya, mədəniyyət və elm üzrə katibi olub. Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərib.
Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. Teatrşünas Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb.
O, Hüseyn Ərəblinski, İsmayıl Hidayətzadə, Həqiqət Rzayeva, Mehdi Məmmədov, Tofiq Kazımov, Abbasmirzə Şərifzadə, Rza Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və monoqrafiyalar yazıb. Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cilddə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir. Cəfər Cəfərov 1973-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Həyat yoldaşı Zibeydə Əzizbəyova da botanika sahəsi üzrə elmi doktor, professor olub. Bir sıra elmi məqalələrin, geniş tədqiqatlar aparıb. O, həyat yoldaşının həm şad, həm də acı günlərində yanında olub. Birgə iki övlad - Aral və Ayaz Cəfərovları böyüdüblər. İndi onlar da həyatda deyillər. Əvəzində nəvələri əzizlərinin xatirəsini qəlblərində yaşadırlar.