Başımızın bəlası...

basimizin-belasi
Oxunma sayı: 3045

Dünya Sakit

Donald Trampın rəhbərliyi altında olan Amerika Birləşmiş Ştatlarının İran, Türkiyə və Rusiyaya qarşı sanksiya siyasəti yalnız həmin ölkələri, onlarda işləyən böyük şirkətləri deyil, regionun digər ölkələrini də zərərə salır. Belə ölkələrdən biri də Azərbaycandır. Bəxtimiz elə gətirib ki, hazırda dünya iqtisadiyyatının 30 faizindən çoxuna sahib olan bir supergücün hədəfində olan 3 iri ölkə ilə yaxın qonşuyuq. Yaxınlığı Türkiyə istisna olmaqla, mənəvi deyil, ərazi baxımından qeyd edirəm...

Azərbaycan iqtisadiyyatı, xüsusilə də yaralı yerimiz olan qeyri-neft sahəsi Rusiya və Türkiyə iqtisadiyyatı ilə sıx bağlıdır. Bu ölkələr bizim yalnız ərazicə qonşumuz deyil, həm də əsas iqtisadi tərəfdaşlarımızdır. Bu tərəfdaşlıq özünü həm idxalda, həm də qeyri-neft ixracında göstərir. Belə ki, Dövlət Staistika Komitəsinin məlumatına görə, bu ilin yeddi ayında Azərbaycana məhsul idxalının 31 faizi Rusiya və Türkiyənin payına düşüb -  16 faiz Rusiya, 15 faiz isə Türkiyədən. Hər iki ölkənin milli valyutası ABŞ-la pis münasibətlər və sanksiyalar üzündən ciddi dəyər itkisi ilə üzləşib. Nəticədə onlardan mal idxal etmək əlverişli olub. Həmin ölkələrdə qiymətlər valyuta ilə nisbətən aşağıdır. Bu isə ixracatı stimullaşdırır. 

Ümumiyyətlə, 2018-ci ilin yanvar-iyun ayları ərzində idxalımız ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Bu dövrdə  qeyri-neft sektoru üzrə ixracımız isə 846,5 milyon ABŞ dolları təşkil edib.  2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac  110,5 milyon  ABŞ dolları və ya  15 faiz   artıb. Cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon dollar dəyərində mal ixrac etmişik. Göründüyü kimi, qeyri-neft ixracımızın 60 faizə yaxını bu iki ölkənin payına düşür və onların iqtisadiyyatındakı ciddi təlatümlər bizə də təsirsiz ötüşmür: onlardan idxalımız artır, ixracımız azalma təhlükəsi ilə üzləşir. İdxalın artması isə ölkə daxilində manata əlavə təzyiqlər yaradır. Bu şəraitdə hökumətin manatı nə qədər sabit saxlaya biləcəyi də sual altına düşür.

Tramp hakimiyyəti son vaxtlar qeyri-neft ixracımızı genişləndirmək üçün ciddi addımlar atılan daha bir ölkə ilə də ticarət savaşını getdikcə qızışdırır. Bu, Çindir. Hansı ki, cari ilin ilk yarısında 23,9 milyon dollarlıq qeyri-neft məhsulumuzu alıb. Çin həm də Azərbaycanın tranzit mərkəzinə çevrilməsi üçün lazım olan yüklərin əsas mənbəyidir. Nəinki Azərbaycan, digər region ölkələri də Çindən Avropaya daşınan yüklərin əz ərazisindən keçməsinə nail olmağa çalışır. ABŞ-ın Çinlə ticarət savaşı daha da kəskinləşərsə, Asiya nəhəngi ciddi zərər görə bilər. Bu isə yükdaşımaların həcmində kəskin azalma, eyni zamanda region ölkələrinin ona olan ümidlərinin boşa çıxması demək olar.

İrana gəlincə, bu ölkə ilə alverimizin həcmi elə böyük olmasa da, Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi planında açar ölkələrdən biridir. Şimal-Cənub nəqliyyat dəhlizinin işləməsi İrandakı vəziyyətdən birbaşa asılıdır. Bu dəhlizin işə salınması naminə Azərbaycan İrana 500 milyon dollar kredit də ayırıb – Astara-Rəşt dəmiryol xəttinin tikintisi üçün. Hələ ki, İrana qarşı sanksiyaların bu xəttin tikintisinə hansı təsiri göstərdiyi açıqlanmır, lakin ABŞ-ın təzyiqləri qarşısında bu layihənin icra olunması çox çətin görünür...

Beləliklə, başımıza ABŞ-Tramp bəlası gəlib deməyə tam əsasımız var. Pisi odur ki, yaxın müddətdə bu bəlanın başımızdan uzaqlaşacağı ehtimalı da yoxdur...