“Emmi”nin qalibi türk serialı oldu

emminin-qalibi-turk-seriali-oldu
Oxunma sayı: 141

Türkiyədə “Ay Yapım”ın istehsalı olan “Leyla: Hayat... Aşk... Adalet...” serialı 54-cü beynəlxalq “Emmi” mükafatlarında “Telenovela” kateqoriyasında qalib elan edilib.

“Qafqazinfo” xəbər verir ki, ötən il NOW kanalında yayımlanmağa başlayan ekran işi Türkiyədən eyni kateqoriya üzrə namizəd göstərilən “Uzaq Şehir” serialını geridə qoyaraq mükafata sahib çıxıb.

Beynəlxalq Televiziya Sənətləri və Elmləri Akademiyası tərəfindən ABŞ-dən kənarda istehsal edilən televiziya layihələrinə verilən nüfuzlu mükafat Nyu-Yorkda keçirilən mərasimdə təqdim edilib. “Telenovela” nominasiyası üzrə heykəlciyi serialın prodüseri Kerem Çatay, rejissoru Hilal Saral və “Ay Yapım”ın Dram İnkişafı üzrə meneceri Erdi Işık birlikdə qəbul ediblər. Səhnədə çıxış edən Kerem Çatay münsiflər heyətinə və layihənin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Bu qələbə “Ay Yapım”ın “Emmi”dəki növbəti böyük uğuru kimi tarixə düşüb. Şirkət ilk dəfə 2017-ci ildə “Kara Sevda” serialı ilə “Telenovela” kateqoriyasında qalib gəlib. 2019-cu ildə Haluk Bilginer “Şahsiyet” serialındakı roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanıb, 2023-cü ildə “Yargı”, 2025-ci ildə isə “Deha” serialları “Telenovela” kateqoriyasında birinci olub.