“İnsanın həyatında ciddi qadın olmalıdır” - Müsahibə

insanin-heyatinda-ciddi-qadin-olmalidir
Oxunma sayı: 4361

“Qafqazinfo”da bir ildir davam edən “Şairlərin həyat yoldaşı” adlı müsahibə layihəsinin 8-ci qonağı Aqşin Yeniseyin həyat yoldaşı Turanə Rəsulovadır:

- Turanə xanım, bəzi şairlərin həyat yoldaşlarının, yaxud övladlarının söhbətlərinə qulaq asanda, yazılarını oxuyanda, fikirlərinə diqqət kəsiləndə aydın olur ki, onların kimin həyat yoldaşı, kimin övladı olduğunun tam mənada qavramayıblar, birgə yaşadıqları yaradıcı insanları dərindən anlamayıblar. Onlar üçün ata, yaxud həyat yoldaşı adi insan olub, söz adamlarının xarakterlərindəki yaradıcı cizgiləri, sirli məqamları sonacan görməyiblər. Ancaq nə xoş ki örnəklər, barmaq tuşlayıb nümunə göstərə biləcəyimiz – ağılları, zəkaları, sınmazlıqları ilə iftixar edəcəyimiz şair xanımlar, övladları həmişə olub, bu gün də var. Sualın tuşlandığı yer, elə bilirəm, artıq sizə aydındır... Sizin gözünüzdə şair Aqşin Yenisey kimdir, onu yaradıcı insan kimi necə xarakterizə edərdiniz?

– Fərid bəy, mən hələ ilk tələbəlik illərimdən Aqşinin oxucusu olmuşam. Yadımdadır, 17 yaşım vardı və bizim dar dost çevrəmizdə Aqşinin şeirlərinə mahnı bəstələyər, hər həftə sonu “Alma” qəzetində çıxacaq yazısını səbirsizliklə gözləyərdik. Aqşin məndən 9 yaş böyükdür. Yeniyetməlik illərimdən bəri şeirlərinin heyranı olduğum, bir çoxunu əzbər bildiyim bu qeyri-adi, istedadlı və yaraşıqlı şairin bir vaxt gələcək həyat yoldaşım olacağı ağlımın ucundan da keçməzdi. Bəli, mən kimlə yaşadığımı, oğlumun atasının kim olduğunu çox yaxşı bilirəm. Bilirəm ki, illər, əsrlər keçəcək, ancaq XXI əsr Azərbaycan poeziyasında həyatı, yaradıcılığı və xarakteri ilə daim seviləcək, xatırlanacaq ən önəmli şəxslərindən biri mənim həyat payıma düşüb, buna sevinir və məsuliyyətimi dərk edirəm.

– Kənardan baxanda, ənənəvi düşüncənin hesabı ilə vurub-çıxılanda görünən mənzərə budur ki, Aqşin Yenisey ailə adamı deyil. Ancaq əksini düşünənlər də var, “əhənrüba məsələsi”ni də gözardı etmirəm. Deyəcəyiniz fikirlərə yön vermək fikrimdən uzaq olsam da, bu sualıma sırf məişət müstəvisində cavab almaq istəməzdim.

– Bilirsiniz, “ailə adamı” anlayışının özü şəxsdən-şəxsə dəyişir. Aqşin məişət adamı deyil, bunu deyə bilərəm. Amma, ailə Aqşin üçün ali dəyərdir. Aqşin bizə qarşı diqqətlidir, həssasdır. Əlbəttə, mən də diqqəti bir buket çiçəklə ölçən xanımlardan deyiləm. Aqşin konkret insandır. Otağına girib yaradıcılığı ilə məşğul olanda o, tam olaraq şairdir, yazardır, İgidayın gedəcəyi məktəbi və ya məni maraqlandıran hər hansı məsələni müzakirə edəndə atadır, həyat yoldaşıdır. Bunlar, məncə, önəmli keyfiyyətlərdir.

– Aqşin Yenisey yaxasını sirrozun əlinə verəndə, xəstəxanada yanına get-gəllər çox idi. Hər ona baş çəkənin də gözləri sizi axtarırdı: Biləndə ki siz Almaniyadasınız, “belə ailəlik olmaz, biri dünyanın o başında, o biri bu başında” düşüncəsinə beynində meydan verənlər tapılırdı. Siz bir müddət sonra qayıtdınız, yaddaşıma yanılmıramsa, onda artıq oğlunuz İgiday da dünyaya gəlmişdi. Allah göstərməsin, o dövrdə Aqşinə nəsə olsaydı, bəs özünüzü necə bağışlayardınız? Siz bu məsələlər haqqında düşünürdünüzmü, yoxsa həkim kimi xəstəliyin əlacla əl-ələ verəcəyi sizin üçün irəlicədən aydın idi?

– Hə, bunları bir dəfə danışmaq, anlatmaq və bütün bu sualları sonlandırmaq lazımdır. O zaman olanları xatırlamaq ağrılıdır, çətindir mənim üçün, amma lap başdan başlayacam. Aqşin İgidayın yolunu səbirsizliklə gözləyirdi və oğlumuzun dünyaya gələcəyi xəbərini alan kimi içkiylə birdəfəlik vidalaşacağına söz vermişdi. Əslində, 2-3 ay sözünü tutdu da. Lakin sonra hər şey dəyişdi, o tez-tez xəstələnir, amma içkini atmaq istəmirdi. Mən gündüzlər işə gedir, günorta fasiləsində gəlib ona sistem köçürür, qulluğunda durur, sonra işə qayıdırdım. Bütün bu aylarda Aqşinin bacısı, qardaşları, anası da bizimlə qalırdı. Onların mənəvi dəstəyi olmasaydı bətnimdə körpə, bir yandan iş, bir yandan da Aqşinin durumu mənə çətinlik yaradardı. İki dəfə uşağımızı itirmək təhlükəsi yaşadım, Elminaz xala da yanımda idi. İgidayı qorumaq üçün stressdən uzaq olmalıydım. Amma Aqşini Bakıda qoyub getmək də istəmirdim. Hamiləliyin 7-ci ayında oturduq qardaş, bacı, Aqşin, hamımız söhbət etdik və razılığa gəldik ki, mən gedim Almaniyaya, orada hər şeyi yoluna qoyandan sonra Aqşin gəlsin. Beləcə mən getdim Almaniyaya, həm Tibbdə Fəlsəfə doktorluğumu müdafiə etməyə başlamaq, həm də ailəliklə oraya köçməyimizə zəmin hazırlamaq üçün. Amma nə yazıq ki, həyat, sən planlar quranda başına gələnlərdir. Aqşinlə biz hər gün danışırdıq, amma durumunun bu qədər ciddi olduğunu gizlədirdi məndən, bir az nasazladığını, həkimə gedəcəyini deyirdi. Aqşin xəstəxanaya düşəndə İgiday cəmi 20 günlük körpə idi. Xəstəxanaya getməmişdən iki gün öncə Aqşinin qardaşı ilə danışmışdım və sabah nə yolla olur-olsun onu xəstəxanaya aparmasını, yaxın günlərdə Bakıya qayıdacağımı dedim. Aqşin həmişə mənə deyir ki, sənin yaxşılığının mükafatını Tanrı verir, çox şükür verdi də... Mənim üçün İgidayın ağız dolusu “ata” deməyindən önəmli heç nə yoxdur. O an da belə düşünürdüm, indi də. Sadəcə mən, ucuz söhbətlərin və intriqaların adamı deyiləm. Bunları bu günə qədər heç bir yerdə nə yazmışam, nə də danışmışam. Aqşinin bütün dostları və xoşniyyətli insanlar bizi tanıyır və kim olduğumuzu yaxşı bilirlər, özünü hər fürsətdə izah etməyə ehtiyac yoxdur deyə düşünürəm. Belə... Bugünkü həyatımız üçün bütün təsadüf və zərurətlərə minnətdaram.

– Aqşin necə deyərlər, “gedib o dünyanın görüb gəldi”. Belə məqamlar ən azı bir müddətlik xarakterdə ciddi dəyişikliyə səbəb olur, Xəstəlikdən sonrakı Aqşin Yeniseylə əvvəlki arasında hansı ciddi düşüncə fərqlərini sezdiniz?

– Aqşinin xəstəliyi və başına gələnlər onun gəncliyindən bəri yaşadıqlarının nəticəsi idi. Müşahidələrimə görə, o dövr bitdi, Aqşinin həyatında və yaradıcılığında yeni mərhələ başladı. Bu mərhələnin gətirəcəyi yaradıcılıq uğurlarının hamımız birlikdə şahidi olacağıq. Aqşin hal-hazırda çox ciddi nəsr əsərləri üzərində işləyir. Xarakterə gəldikdə, o, 36 yaşına qədər formalaşmış olur və xarakterində ciddi dəyişikliklər hiss etməmişəm, həmişəki sevdiyim Aqşindir.

– Ailədə hər gün “bayram” olmur, aranızda könülüzən günlər, qurban vermək, göz yummaq, dinməzcə ürəyə salmaq halları da yəqin olmamış deyil. Etiraz etmirsinizsə həmin məqamlardan danışaq...

– Burda yenə də yanaşma fərqliliyi söz konusudur. Mən qarşılıqlı münasibətdə dözmək anlayışını qəbul etmirəm. “Dözmək” neqativ mərkəzli anlayışdır, “səbir etmək” deyə bilərik. Ailə onsuz da kompromis, qarşılıqlı anlayış, sayğı, sevgi və bir az da səbir deməkdir. Əlbəttə, nələrisə qurban verirsən, göz yumursan, amma bütün bunlar müqəddəs dəyər – ailə üçündürsə, nə edirsənsə fərqində olmadan, sevərək, istəyərək edirsən.

– Şairin sözlə dolduğu anlar olur, yəni ovqatında bir dəyişiklik hiss edilir, darıxmaları, boğulmaları nəzərdən qaçmır. Siz Aqşinin belə vaxtlarını duyursunuzmu və nələri, daha doğrusu, hansı ruhi halları müşahidə edirsiniz onda?

– Aqşinin misraları elədir ki, elektrik kimi vurur insanı, təsirindən uzun müddət çıxa bilmirsən. Bəzən, axı bunu necə yaza bildin, axı necə tapdın bu qədər gözəl ifadə etmək yolunu deyə soruşuram, gülür. Bu cür şeirin asan yazılmadığını siz də yaxşı bilirsiniz. Aqşin hər misranı bətnində bəsləyir, dünyaya gətirir sanki, sözə həyat verir, ruh verir. Bunun necə baş verdiyini izah edə biləcək gücdə deyiləm. Amma yaradıcılıq prosesində onu mümkün qədər narahat etməməyə, nazı ilə oynamağa çalışıram. Çünki nəticədə əbədi və ölümsüz bir əsər yaranır.

- Aqşinin dinə münasibətinə qarşı fikirləriniz necədir, onunla eyni fikirləri bölüşürsünüzmü?

– Aqşinlə bizim dini fikirlərimizdə kəskin fərq yoxdur. Sadəcə o ateistdir, mən aqnostik. O, cəmiyyəti maarifləndirmək üçün fikirlərini bölüşür, mən isə belə polemikalardan çox uzağam.

– Qadınlar sevgiləri haqqında danışanda onlar üçün əlamətdar bir nöqtə olur: Aqşinə qarşı xoş duyğularınızı danışsanız hansı nöqtədən başlayarsınız?

– Aqşinin qəlbimi oğurladığı an səhər işə gedəndə telefonuma gələn misralar idi. Mənim ona olan duyğularımın hər yerində şeir var.

– Sizcə, həyatına daxil olandan sonra Aqşinin xarakterində və yaradıcılığında nələr dəyişib?

– Mən Aqşində heç nəyi dəyişmək istəməmişəm. Sadəcə yaradıcı insanın həyatında ciddi qadın olmalıdır. Ən azından nə istədiyini bilən, işinə, ailəsinə sədaqətli və fədakar. Aqşin qadın və məişət səs-küyündən uzaq, rahat yaradıcılıqla məşğuldur.

– Ailəlik də həyatı öyrənməyin bir üsuludur. Sizcə, birgəlik illərinizdə bir-birinizdən nələr öyrənmisiniz?

– Bunlar özün də fərqində olmadan baş verir və yavaş-yavaş bir-birinə çevrilirsən, sanki get-gedə bir-birinə bənzəyirsən. Məncə, ikimizin də öyrəndiyimiz elə budur, bir-birinin həyatına və özünə çevrilə bilmək, doğmalıqdan daha yaxın, sevgidən daha fərqli, bir ola bilməyə öyrənmişik.

– Aqşində şair xarakterinə xas olduğu üçün öyrəşə bilmədiyiniz, ona qədər ki, həyat prinsiplərinizə zidd hansısa xüsusiyyətlər varmı?

– Yoxdur.

– Elə bilin heç onun həyat yoldaşı deyilsiniz, kənardan tanıyırsınız, yanınızda Aqşin Yenisey haqqında söz salsaydılar, onun haqqında nə deyərdiniz?

– Ən sevdiyim şairim.

– Elə bilirəm, maraqlı bir xatirənizi danışasınız məqamıdı...

– Aqşinin “Qaracəyərin sirrozlu sevgisi” şeirini bilirsiniz yəqin, mənə həsr edib. Onun yazılma tarixçəsi ən gözəl xatirələrdəndir mənim üçün. İşdə xəstəyə baxıram, mesaj gəlir: “ – Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram”. Musiqi dinləyirdik, gözlərimə uzunca baxdı, sonra dəftər qələmi götürdü və yazdı, “ – Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi, insana necə baxmağı öyrədirdi”. O şeirin hər misrası beləcə yazıldı və o şeir indiyədək mənə bağışlanan ən böyük və ən gözəl hədiyyədir.

– Aqşin Yenisey yumoru ilə də maraqlı şairdir, gülməli söz qurub-qoşmaqda, ələsalmaqda şəriksizdi, həmkarlar, dostlar arasında yaddaşlara hopan çoxlu bəzəmələri, “şəbədələri” tez-tez xatırlanır. Onun ironiyasını, ələsalmalarını məqamında tuta, anlaya bilirsinizmi?

– Çox doğru qeyd elədiniz, Aqşinin xarakterinin ən maraqlı və çəkici tərəflərindən biri də yumorudur. Zənnimcə, bir insan özünə gülə bilirsə, onun öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur. Aqşinin xəstəliyi ilə mübarizəsində də bu keyfiyyəti çox ciddi rol oynadı. Onun yatdığı palatadan həmişə gülüş səsi gəlirdi, yanına gələnləri də güldürürdü. Yəni, Aqşin ölümü belə ələsala bilən biridir. Bu yumor bizim həyatımızın ayrılmaz hissəsidir.

– Kənar sahənin adamı kimi, bu gün şeir sizin üçün hansı mənanı ifadə edir?

– Ədəbiyyat ruhun qidasıdır. Mən həkim olsam da uşaqlıqdan ədəbiyyatı, poeziyanı çox sevirəm. Aqşinin şeiri də, sözü-söhbəti də mənim üçün gərgin iş həyatından yaşamağa ayırdığım vaxt kimidir. Şeir ruhu cilalayır və gündəlik həyatdan özünə, mənəviyyatına, səssizliyinə qayıtmağın, duyğularını dinləməyin ən gözəl yoludur.

– Sırf yaradıcılıq anlamında onu nələrdən saqındırır, hansı durumlardan qorumağa çalışırsınız və bu mənada ona təsir imkanınız nə dərəcədir?

– Aqşin səmimiyyətimə inanır. Ən xoşuma gələnsə zövqümə güvənməyidir. Bütün yazılarını ilk mən oxuyur və fikir bildirirəm.

– Şair xanımlarının adətidir; şeirdəki qadınları, yaxud xatirələri dirildən, vücuda gətirən misraları “eşələmək”, “bu kimə yazılıb”, “o misradakı kimdi”, kimi kaprizləriniz varmı? Yoxsa bəxtini yeyin olub (ya onun, ya sizin bəxtiniz) şairin belə məsələlərdə qələminin “yatmış” vaxtına düşmüsünüz? (gülüş)

– Yaradıcı insan bəşəriyyətindir. Yaradıcılıq həm də empatiyanın ən son həddidir. Şair bəzən, intihar edən bir gənc ruhu ilə, bəzən də bəstəkar və ya başqa şair ruhu ilə yaza bilər. Bəlkə də onu fərqləndirən də bu qədər həssaslıqla “başqası” ola bilməkdir. Amma indiyədək bir dəfə olsun bu şeiri keçmiş zamanların birində kimə yazdığını soruşmamışam. Hər anın öz hökmü var, yazılan şeir özünü onun içində görə bilən hər kəsindir. Bir də ki, şairin ən gözəl vaxtı elə indidir, inanın mənə. (gülüş)

– Sizə həsr etdiyi və sevdiyiniz şeiri hansıdır, mümkündürsə yada salasınız?

– “Qaraciyərin sirrozlu sevgisi”.

Fərid Hüseyn