ABŞ administrasiyası İrana qarşı planlaşdırılan mümkün hərbi əməliyyatın detalları üzərində işi yekunlaşdırmaq üzrədir.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, amerikalı rəsmilər masadakı variantlar arasında İranın yüksək rütbəli rəsmilərinin və hərbi elit daxilindəki şəxslərin hədəf alınmasını ciddi şəkildə nəzərdən keçirirlər.
Məlumata görə, Prezident Donald Trampın əmri olacağı təqdirdə, plan Tehranda rejimin dəyişdirilməsi cəhdini də əhatə edə bilər.
Agentliyin mənbələri bildirir ki, hərbi planlaşdırma artıq irəli mərhələdədir:
“Əsas diqqət böyük quru qoşunlarını bölgəyə cəlb etmədən, hava zərbələri, kiberhücumlar və daxili müxalifətin dəstəklənməsi vasitəsilə rejimi zəiflətməyə və ya devirməyə yönəlib. Hədəf siyahısında konkret hansı adların olduğu gizli saxlanılsa da, kəşfiyyatın İranın nüvə və raket proqramına rəhbərlik edən şəxsləri, həmçinin SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanlığını yaxından izlədiyi vurğulanır”.
Xatırladaq ki, Tramp bir neçə gün əvvəl İrana qarşı “məhdud hücum” ehtimalını təsdiqləmiş və Tehranın diplomatik razılaşma üçün cəmi bir neçə gün vaxtı qaldığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər