Macarıstanın Baş naziri Peter Madyar ölkənin yeni prezidenti vəzifəsinə şahmat tarixinin ən uğurlu qadın oyunçularından biri hesab edilən Yudit Polqarı namizəd göstərmək istədiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, Prezident Tamaş Şulyokun səlahiyyət müddətinə konstitusiya dəyişikliyi ilə son qoyulmasından sonra çıxış edən Peter Madyar bildirib ki, bazar ertəsi Polqarla görüşərək, ona prezidentlik təklifini rəsmi şəkildə təqdim etməyi planlaşdırır.
Baş nazirin sözlərinə görə, ölkənin hazırda ən çox ehtiyac duyduğu şey milli birlik və cəmiyyətin etibar etdiyi dövlət başçısıdır.
Madyar qeyd edib ki, prezidentlik sadəcə bir vəzifə deyil, bütün macar xalqına xidmət missiyasıdır. O, Yudit Polqarın nüfuzunun siyasi fəaliyyətindən deyil, fövqəladə istedadı, zəhməti və dürüstlüyündən qaynaqlandığını vurğulayaraq, onu “hər bir macarın fəxr edə biləcəyi president” adlandırıb.
Lakin Yudit Polqar sosial media hesabında yaydığı açıqlama ilə bu təklifi qəbul etməyəcəyini bildirib.
“Parçalanmış bir milləti birləşdirmək kimi tarixi məsuliyyəti daşımaq gücünə malik olduğumu hiss etmirəm. Buna görə də bu dəvəti qəbul edə bilmərəm”, – deyə Polqar qeyd edib.
Şahmat əfsanəsi əlavə edib ki, ölkənin müstəqil və hörmət qazanan yeni prezidentə sahib olması üçün əlindən gələn dəstəyi verməyə hazırdır.
Baş nazir isə Polqarın qərarına hörmətlə yanaşaraq ona təşəkkür edib.
“Macarıstan üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə də fərqli bir rolda ölkəyə xidmət edəcəksiniz”, – deyə o bildirib.
Qeyd edək ki, 49 yaşlı Yudit Polqar 2700 ELO reytinqi həddini keçən yeganə qadın şahmatçı kimi tarixə düşüb və bütün dövrlərin ən güclü qadın şahmatçısı hesab olunur. Hakim “Tisza” partiyası isə gələcəkdə prezidentin parlament deyil, birbaşa xalq tərəfindən seçilməsini nəzərdə tutan yeni konstitusiya islahatlarını dəstəkləyir.

Son xəbərlər
Son Xəbərlər