Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - Fotolar

balaxani-neftcileri-adnsu-da-geologiya-elmleri-uzre-tedqiqat-teqaudu-tesis-etdiler
Oxunma sayı: 644

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun rəhbərliyi ilə ali təhsil ocağının nümayəndə heyəti “Balakhani Operating Company LTD” (BOC) hasilat şirkətində olub.

“Qafqazinfo” xəbər verir ki, professor-müəllim heyəti tarixi Balaxanı mədənləri ilə tanış olub, yerli mütəxəssislərin bələdçiliyi ilə bir əsrlik quyuların müasir texnoloji üslublarla hasilatı və şirkətin dayanıqlı təcrübələri barədə məlumat alıb.

Sonra şirkətin baş qərargahında davam edən görüşdə tərəflər akademik Musa Əliyev adına Geologiya elmləri üzrə Tədqiqat təqaüdünün təsis edilməsi barədə sənəd imzalayıblar. Təqaüd proqramı Azərbaycanda geologiya və neft sənayesinin inkişafında mühüm rol oynamış alimin elmi irsinin yaşadılması, qabaqcıl geoloji tədqiqatların dəstəklənməsi və akademiya ilə sənaye arasında effektiv inteqrasiyanın təmin edilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində akademik Musa Əliyevin ailə üzvləri, onun xatirələri əsasında tərtib edilən “Ömrüm” kitabının müəllifi Cəmilə Paşayeva-Seyidzadə və nəticəsi Mir Musa Seyidzadə də iştirak edib. Cəmilə Paşayeva-Seyidzadə çıxışında xatırladıb ki, görkəmli alim, səriştəli idarəçi, geniş hörmət qazanan rəhbər, akademik Musa Əliyev geologiya-mineralogiya elmləri doktoru kimi 200-dək dissertasiya işinə elmi rəhbərlik edib. Böyük elmi məktəb yaratmaqla yanaşı, onun yaşadığı şərəfli ömür övladları, nəslinin davamçıları, onu tanıyanlar üçün qürur mənbəyidir. Balaxanı neftçilərinin onun elmi irsini davam etdirəcək tədqiqat təqaüdünün yaradılması təqdirəlayiq addımdır.

Tədbirdə çıxış edən “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı şəkildə işləyib yeni ideyalar və innovativ təcrübələrlə çıxış etmək hasilat şirkəti üçün vacibdir. O bildirib ki, geologiya sahəsində yeni araşdırmaların dəstəklənməsi Azərbaycanı bütün dünyaya tək neft və qaz hasil edən ölkə deyil, həm də enerji sahəsinin elmi mərkəzi kimi bir daha tanıdacaq.

Daha sonra çıxış edən ADNSU rektoru Rüfət Əzizov isə vurğulayıb ki, universitetlə sənaye müəssisələri arasında əməkdaşlıq yüksəkixtisaslı kadr hazırlığında mühüm rol oynayır. O, tələbələrin nəzəri biliklərinin istehsalat mühitində tətbiqinin onların peşəkar inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Rektor ADNSU ilə BOC arasında formalaşmış tərəfdaşlıq münasibətlərinin elm, təhsil və istehsalatın inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, birgə layihələrin, təcrübə proqramlarının və tədqiqat təşəbbüslərinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Tədbirdə qeyd olunub ki, “Balakhani Operating Company LTD” ilə ADNSU arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bu çərçivədə şirkət universitet tələbələrinin səmərəli istehsalat təcrübəsi keçməsi üçün də geniş imkanlar yaradır. Belə ki, indiyədək 100-ə yaxın ADNSU tələbəsi “Balakhani Operating Company LTD”də təcrübə proqramı keçərək ixtisasları üzrə bilik və bacarıqlarını artırmış, peşəkar səviyyələrini daha da yüksəltmişlər.

Sonda “Balakhani Operating Company LTD” şirkətində təcrübə keçən ADNSU tələbələri təltif edilib, beş fərqlənən tələbəyə isə hasilat şirkətində müxtəlif vəzifələrdə işə qəbul təklifləri təqdim olunub.

Qonaqlar Vətən uğrunda şəhid olan qəhrəman neftçilərimizin abidəsi qarşısına çiçəklər düzüb, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini anıblar.