​“Amma biz Hüqonun kitablarını yandırmadıq”

amma-biz-huqonun-kitablarini-yandirmadiq
Oxunma sayı: 2789

“Fransada Natəvanın heykəlinə qarşı barbarlıq kimin-kim olduğunu göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Hikmət Babaoğlu Milli Məclisin plenar iclasında bildirib.

“Amma Azərbaycanda heç kim Viktor Hüqonun kitablarını yandırmadı. Çünki bizim xalq barbar deyil, mədəni xalqdır. Hüqonu da, onun yaratdıqlarını da gözəl bilir. Əcdadlarımız böyük mədəni irs yarada bilib. Milli vəzifəmizdən biri olan Qərbi Azərbaycana qayıdış aktuallığını qoruyur” , - deyə deputat vurğulayıb.

Millət vəkili Tural Gəncəliyev əlavə edib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşudbanu Natəvanın heykəlinə qarşı təhqiramiz yanaşılıb: “Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.

Qeyd edək ki, Fransanın Evian-le-Bel şəhərində yerləşən Azərbaycan bağı dekabrın 18-də keçirilən bələdiyyə məclisində müxalifət tərəfindən müzakirəyə çıxarılıb. Şəhər meri bildirib ki, artıq Azərbaycan bağının qeyd olunduğu bütün yazılar yığışdırılıb.

Xatırladaq ki, 2015-ci ildə Evian-le-Bel şəhəri Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu çərçivədə 2017-ci ildə şəhərdə şair Xurşidbanu Natəvanın heykəli və oradakı hotellə üzbəüz Azərbaycan bağı istifadəyə verilib.

Zaur Mirzə