Bakıda bəzi parklanma məntəqələrində sürücülərdən qanunsuz şəkildə ödəniş tələb olunması halları ilə bağlı müraciətlər daxil olmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə əlaqədar vətəndaşların düzgün məlumatlandırılması və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə “AzParking” ictimaiyyətə rəsmi açıqlama verib.
“Məlumat üçün bildirilir ki, paytaxt ərazisində ödənişli parklanma həftənin altı günü — bazar ertəsindən şənbə gününədək saat 07:00-dan 22:00-dək qüvvədədir. Bu müddət ərzində sürücülər nəqliyyat vasitəsini parklanma məntəqəsində saxladıqdan dərhal sonra parklanma vaxtını aktiv etməlidirlər.
Saat 22:00-dan səhər 07:00-dək və həftənin bazar günü parklanma tamamilə ödənişsizdir. Xüsusilə bazar günləri vaxt açmaq üçün mobil tətbiqdən və ya SMS-dən istifadə etməyə ehtiyac yoxdur. Qeyd olunan zaman intervalında sürücülərdən hər hansı ödəniş tələb olunması da qanunsuzdur.
Parklanma ödənişləri rəsmi rəqəmsal kanallar vasitəsilə —AzParking mobil tətbiqi və SMS xidməti üzərindən həyata keçirilir. Sistem vasitəsilə edilən ödənişlər avtomatik olaraq qeydə alınır və sürücüyə bildiriş göndərilir.
Son dövrlərdə bəzi şəxslərin ödənişsiz vaxtlarda və ya ümumilikdə rəsmi sistemdən kənar şəkildə sürücülərə yaxınlaşaraq pul tələb etməsi halları da müşahidə edilməkdədir. Bu şəxslər rəsmi parklanma sisteminin əməkdaşları deyil və onların fəaliyyəti qanunsuz xarakter daşıyır.
Bir daha diqqətə çatdırırıq ki, rəsmi sistemdən kənar hər hansı ödəniş tələbi qanuni əsas daşımır. Sürücülərdən xahiş olunur ki, naməlum şəxslərə nağd vəsait təqdim etməsinlər, bu kimi hallarla qarşılaşdıqda diqqətli olsunlar və 902 nömrəsinə məlumat versinlər.
Şəhər ərazisində parklanmanın vahid və şəffaf sistem əsasında idarə olunması nəqliyyat axınının tənzimlənməsi, ictimai qaydanın qorunması və bütün sürücülər üçün bərabər şəraitin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyri-qanuni ödəniş halları həm vətəndaşların maddi maraqlarına zərər vurur, həm də sistemin effektivliyinə mənfi təsir göstərir”.
Vətəndaşların düzgün məlumatlandırılması məqsədilə bir daha əsas qaydalar xatırladılır:
• Ödənişli saatlar: 07:00 – 22:00 (bazar ertəsi – şənbə)
• Ödənişsiz vaxt: 22:00 – 07:00 və bazar günləri (vaxt açmağa ehtiyac yoxdur)
• Ödəniş üsulu: rəsmi rəqəmsal kanallar (AzParking mobil tətbiqi və 1181 SMS xidməti)
Son xəbərlər
Son Xəbərlər