Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində Rəhbər Komitənin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda səfərdə olan İNHA Universitetinin nümayəndə heyəti, Rəhbər Komitə üzvləri, Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri və BMU-İNHA İDP inzibatı heyətinin iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər, o cümlədən 2022-ci ilin maliyyə hesabatı, cari tədris ili üzrə payız semestrinin akademik nəticələri, 2023/2024-cü tədris ilinin tələbə qəbulu müzakirəyə çıxarılıb. Bununla yanaşı, 2023-cü təqvim ili üzrə planlaşdırılan fəaliyyət planı, İNHA Rəhbər Komitə üzvlərində dəyişiklik, növbəti il İNHA-da təhsil almaq üçün tələb olunan kriteriyalar, İDP-dən xaric olunma ilə bağlı yeni meyarlar və s. məsələlər də gündəliyə daxil edilib.
İclası giriş sözü ilə açan BMU-nun rektoru, professor Havar Məmmədov Rəhbər Komitənin Koreyanın İNHA Universitetində baş tutmuş iclasını xatırladıb və orada müzakirə olunan məsələlərin nəticələrinə diqqət çəkib. Eyni zamanda proqram üzrə tədrisin keyfiyyət baxımından fərqləndiyini, tədris proqramı üçün ingilisdilli müəllimlər arasından ən yaxşılarının seçildiyini bildirib. H. Məmmədov proqrama ilk qəbul olunan tələbələr arasından ikili diplom proqramının bütün tələb və şərtlərini ödəyənlərin seçilərək, təhsillərini artıq növbəti ildən Koreyanın İNHA Universitetində davam etdirəcəyini də söyləyib.
Sonra BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli gündəliyə daxil edilən istiqamətlər üzrə geniş təqdimatla çıxış edib.
Təqdim olunan məlumatlarla bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini və direktor əvəzi Ceyhun Kərəmov, İNHA-nın tədris işləri üzrə prorektoru Keeyoung Choi, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, İNHA-nın tədris işləri üzrə dekanı Jang-Cheon Cho, İNHA-nın Planlaşdırma və büdcə şöbəsinin dekanı Sunghyeon Baeck və digərləri öz fikirlərini bildiirblər.
İclasda Rəhbər Komitəyə yeni seçilən üzv - İNHA-nın “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min də iştirakçılara təqdim olunub.