“Bir neçə dəfə belə tədbirlər keçirilib. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir”.
***
İlham Əliyev bildirib ki, biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk.
Dövlət başçısı qeyd edib: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.
***
Dövlət başçısı qeyd edib ki, biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq.
Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən İlham Əliyev qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”.
***
Prezident bildirib ki, COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi. Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verib.
“Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, - yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, - bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”, - deyə dövlət başçısı əlavə edib.