Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Cəngan kəndinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Cəngan kəndinin ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Cəngan kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
RİH başçısı Mirhəsən Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə də görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, suvarma kanallarının lildən, daxili avtomobil yollarının təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.