“PAŞA Bank” AMB-nin tələblərini pozdu

pasa-bank-amb-nin-teleblerini-pozdu
Oxunma sayı: 2034

“PAŞA Bank” ASC Azərbaycan Mərkəzi Bankının istehlak kreditlərinin məcmu həcmi ilə bağlı tələblərini pozub.

“Qafqazinfo” AMB-yə istinadən xəbər verir ki, “PAŞA Bank” ASC tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulması aşkarlanıb.

Bu səbəbdən də “Banklar haqqında” Qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.