“Elm haqqında” qanunla bağlı təklif birmənalı qarşılanmadı

elm-haqqinda-qanunla-bagli-teklif-birmenali-qarsilanmadi
Oxunma sayı: 1048

"Elm haqqında" qanun layihəsin son-təkmilləşdirilmiş variantında magistrlərin iki yerə bölünməsi nəzərdə tutulur və bununla bağlı sənədə 14.5-ci maddə əlavə olunub. “Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 27-də keçirilən iclasında "Elm haqqında" qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı məlumat verilib.

Sözügedən komitənin sədri İsa Həbibbəyli bildirib ki, buna səbəb magistrlərin elmə, tədqiqat məsələlərinə həvəsləndirilməsidir:

"Bu gün magistr pilləsini baş vuran tələbələrin cəmi 20-25 faizi, ən yaxşı 30 faizi sonradan elm dalınca gedir, doktorantura pilləsində təhsilini davam etdirir, özünü ali məktəblərlə, tədqiqat institutları ilə bağlayır. Qalan böyük əksəriyyət isə peşəkar məqsədlər üçün daha çox dövlət qulluğuna üstünlük verirlər. Ona görə də yeni təkmilləşdirilmiş qanun layihəsində magistrlərin iki yerə bölünməsi nəzərdə tutulur-yəni, peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri. Tədqiqat magistləri də məhz sonradan elm dalınca gedənlər, doktoranturada təhsilini davam etdirənlər, özlərini elmi-tədqiqat institutları, universitetlər və Milli Elmlər Akademiyası ilə bağlayanlar olacaq".

Lakin bu təkilf komitənin bəzi üzvləri və Təhsil Nazirliyi tərəfindən birmənalı qarşılanmayıb.

Keçmiş komitə sədri Şəmsəddin Hacıyev qanun layihəsində belə bir müddəaya ehtiyac olmadığını vurğulayıb.

Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev də bu müddəa ilə razılaşmadıqlarını, onun mübahisəli hesab etdiklərini dilə gətirib.